Şəhidlik- ölümsüzlük zirvəsidir
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ölkə vətəndaşlarının
illərlə ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub.
Bu mübarizə yolunda canından keçən şəhidlərimiz hər zaman xalqımızın qəhrəmanlıq
tarixində yaşayacaq və xatırlanacaq.
Şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları,
Vətənə olan sevgiləri dillər dastanı olacaqdır. Çünki müqəddəs amal uğrunda şəhid
olmaqla əbədiyyətə qovuşan bütün igidlərimizin keçdikləri döyüş yolu davamçıları
üçün bir örnəkdir. Belə şərəfli ömür
sahiblərini xatırlamaq, daim yad etmək, onların qəhrəmanlıqlarını gənc
nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur.
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə
atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş
ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün Ermənistanla
168 km sərhədi olan, Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara,
Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan
Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid
verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin
dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də
var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Ədalət Hüseynovun, Namiq Hacıyevin, Mürsəl Qocayevin, Süleyman Süleymanovun, Vasif Haqverdiyevin, Elnarə Rəhimovanın, Natiq Qənbərovun, Hafiz Abdullayevin, Eldəniz Hacıyevin, Vahid Osmanovun, Rizvan Məmmədovun, Tahir Fərzəliyevin, Səbuhi Məmmədovun, Rəsul Mirzəliyevin əziz xatirəsini yad edirik.
Hüseynov Ədalət Teymur oğlu
Hüseynov Ədalət Teymur oğlu 1 mart 1969-cu ildə
Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1976-cı ildə Qızılhacılı
kənd ibtidai məktəbin 1-ci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin
8-ci sinfini bitirmişdir. 1984-86-cı illərdə Mehdi Hüseyn adına humanitar və
təbiət fənləri üzrə məktəb-liseyin 10-cu
sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət
etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun Qızılhacılı kəndinin müdafiəsi
zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü ildə Ağstafa rayon Yanğından
Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü ildə Qazax şəhərinə atılan
mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay idi.
Hacıyev Namiq Səhrab oğlu
Hacıyev Namiq Səhrab oğlu 17 dekabr 1974-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1992-ci ilin dekabrında Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il mart ayının 1-də Ağdamda cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Qocayev Mürsəl Məhəmməd oğlu
Qocayev Mürsəl Məhəmməd oğlu 1 mart 1958-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1965-ci ildə (Əli Bayramlı) hazırkı Aslanbəyli kənd orta məktəbin 1-ci sinfinə getmiş,1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1977-79-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Ordudan qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.
Süleymanov Süleyman Elçin oğlu
Süleymanov Süleyman Elçin oğlu 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ağdam rayonunda başlamışdır. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən snayperi tərəfindən vurularaq şəhid olmuşdur. Martın 3-də şəhid Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunmuşdur. Şəhidin adına doğulduğu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilmişdir.
Haqverdiyev Vasif Mirzə oğlu
Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü il mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.
Rəhimova Elnarə Faiq qızı
Rəhimova Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinfinə daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin 4-cü sinfini bitirmişdir. 1993-сü ildə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyə daxil olmuşdur. 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla vurulmuşdur.
Qənbərov Natiq Qənbər oğlu
Qənbərov Natiq Qənbər oğlu 4 mart 1975-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 156 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 707 saylı hərbi hissədə xidmətə başlamışdır. Sonra xidmətini 702 saylı hərbi hissədə davam etdirmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd sənətkarlıq evi şəhid Natiq Qənbərovun adını daşıyır.
Abdullayev Hafiz Məhəd oğlu
Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəli idi. 1 qız və 2 oğul övladı yadigar qalıb.
Hacıyev Eldəniz Nəsib oğlu
Hacıyev Eldəniz Nəsib oğlu 26 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1987-1989-cu illərdə Ukraynanın "Çernobl” şəhərində xidmətdə olmuşdur. 1993-cü ildə ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 5 mart 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında gedən döyüşlərdə şəhid olmuşdur. Subay olub. Qardaşı Hacıyev Ceyhun Nəsib oğlu isə 1 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında şəhid olmuşdur.
Osmanov Vahid David oğlu
Osmanov Vahid David oğlu 16 oktyabr 1965–ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1983-1984-cü illərdə 156 saylı texniki peşə məktəbində təhsil almışdır. 1995-ci ilin mart ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ailəli idi. İki övladı var.
Məmmədov Rizvan Zəkəriyyə oğlu
Məmmədov Rizvan Zəkəriyyə oğlu 24 dekabr 1977-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1984-cü ildə həmin kənddə orta məktəbin 1-ci sinfinə getmiş, 8-ci sinfi bitirdikdən sonra məktəbdən çıxmışdır. 1995-ci ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 mart 1999-cu ildə Füzuli döyüş bölgəsində şəhid olmuşdur. 7 mart 1999-cu ildə Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Fərzəliyev Tahir Dursun oğlu
Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972–ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1979-cu ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 6 mart 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Gizir Məmmədov Səbuhi Hümbət oğlu
Məmmədov
Səbuhi Hümbət oğlu 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində
anadan olmuşdur. 2001-ci ildə Səlamət
Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə
daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü
ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş,
2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin
yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından "N”
saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə "N”
saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada
davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı
Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini
müxtəlif "N” saylı hərbi hissələrdə davam etdirmişdir.
Gizir
Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən
döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn
edilmişdir. Şəhid gizirimiz subay idi.
Müzəffər
Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra
cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Mirzəliyev Rəsul Məmmədyar oğlu
Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə bu gün adını daşıyan Alpout kənd tam orta məktəbdə təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır.
Facebook-da paylaş