Şəhidlərimizin Vətən və bizlər üçün etdikləri heç vaxt unudulmamalıdır
Şəhidlik - bu ucalığa yüksələnlərin ömür
yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan
torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi
xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin
harayına səs verdi - ölümün gözünə dik baxdılar. Bəli, torpaqlarımızın qorunması, vətənimizin
müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu zirvəyə ucalanlar isə heç zaman
ölmürlər. Çünki onların keçdiyi döyüş yolu ən böyük şərəf və qürurdur. Belə
şərəfli ömür sahiblərini xatırlamaq, daim yad etmək, onların
qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur.Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu
şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və
qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə
atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş
ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə
168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala
Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Şahməddin Murquzovun,
Rəşad Əliyevin, Asif Rəhimovun, Fidat Məmmədovun, Elçin İsmayılovun, Şiddət Məmmədovun,
Gündüz Sadıqovun, Məmməd Məmmədovun, Zülfüqar Mirzəliyevin, Elşad Yusifovun, Rövşən
Alıyevin, Baləgədə Hacıyevin, Elburus Məmmədovun, Ədilxan Bəşirovun, Qalib Əliyevinəziz xatirəsini yad
edirik. Murquzov Şahməddin Sabir oğlu Murquzov
Şahməddin Sabir oğlu 7 yanvar 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində
anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli
tam orta məktəbin I sinfinə daxil olmuşdur.
Gəncə şəhərində inşaat sahəsi üzrə texnikomda təhsil almış və orada işləmişdir.
Murquzov Şahməddin Sabir oğlu 4 yanvar 1994-cü ildə Murov dağı ətrafındakı ərazilərdə
gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var. Əliyev Rəşad Vidadi oğlu Əliyev
Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam
orta məktəbin I sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin VIII sinfini
bitirmişdir. 1981-1983-cü ildə Qazax rayon
Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin X sinfini
bitirmişdir. Əliyev Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən
döyüşlərdə şəhid olmuşdur. Rəhimov Asif Qəzənfər oğlu Rəhimov
Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta
məktəbə getmiş və 1991-ci ildə orta məktəbi
bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci
ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhədində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məmmədov Fidat Əhməd oğlu Məmmədov
Fidat Əhməd oğlu 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd
2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər
birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında
Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq
medallarla qiymətləndirilmişdir. 1980-1981-ci
illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il
yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəliydi, 1 qız, 2
oğul yadigar qalıb. Vətən
uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən
də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr
1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi
xidmətlərə görə" medalı ilə
təltif olunmuşdur. Bu gün doğulduğu Daş Salahlı kəndində mərkəzi küçə
şəhid Fidat Məmmədovun adını daşıyır və küçənin mərkəzində barelyefi vurulub. İsmayılov Elçin Murğuz oğlu İsmayılov
Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1987-ci ildə Kosalar kənd
orta məktəbin I sinfinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin X sinfini
bitirmişdir. 1998-ci il yanvar
ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə
çağırılmşdır. 1999-cu il fervralın
16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid
olmuşdur. Məmmədov Şiddət Məmməd oğlu Məmmədov
Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd məktəbin I sinfinə daxil olmuş,
1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30 iyun
2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı atəş
nəticəsində şəhid olmuşdur. Subay idi. Sadıqov Gündüz Əhəd oğlu Sadıqov
Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara kənd orta məktəbin I sinfinə
getmişdir. 1979-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi
xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsindəermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 yanvar 1994-cü ildə şəhid olmuşdur. Məmmədov Məmməd Zahid oğlu Məmmədov
Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Qazax
rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin I sinfinə
daxil olmuş, 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə
SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu
6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Mirzəliyev Zülfüqar Bəkir oğlu Mirzəliyev
Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala
Çaylı) kəndində anadan olmuşdur. 1976-cı ildə Kommuna kənd 8 illik orta məktəbin
I sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin VIII sinfini
bitirmişdir. 1984-1986 Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli
tam orta məktəbin X sinfini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə
çağırılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduya
getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6
yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Zülfüqar Mirzəliyev
Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala
Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir. Yusifov Elşad İbrahim oğlu Yusifov
Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan
olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni
işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid
statusu verilmişdir. Alıyev Rövşən Cəbrayıl oğlu Alıyev Rövşən Cəbrayıl oğlu 1
oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə
Qızılhacılı kənd ibtidai məktəbin I sinfinə daxil olmuş, 1995-ci ildə Qazax şəhər
Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin X sinfini bitirmişdir. Sumqayıt
şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci
ildə Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır. 8 yanvar 1998-ci ildə
Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay
idi. Hacıyev Baləgədə Həsən oğlu Hacıyev
Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin I sinfinə daxil
olmuş, 1958-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1959-62-ci illərdə
Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27
oktyabr 1991-ci ildə şəhid olmuşdur. Məmmədov Elburus Veyis oğlu Məmmədov
Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində gülə yarasından şəhid
olmuşdur. Bəşirov Ədilxan Əmirxan oğlu Bəşirov
Ədilxan Əmirxan oğlu 10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam
orta məktəbin I sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini
bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci
ildə tərxis olmuşdur. Həmin il Azərbaycan Milli Ordusuna çağırılmışdır. 9 mart
1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq var. Əliyev Qalib Nazim oğlu Əliyev
Qalib Nazim oğlu 25 avqust 1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1981-ci ildə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin I sinfinə
daxil olmuş, 1991-ci ildə həmin orta məktəbin X sinfini bitirmişdir. 1993-cü
ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Füzuli
bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust
1997-ci il tarixli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.Şəhidlərimizi
tanıyaq və tanıdaq---------------------------
Facebook-da paylaş