Şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------- Zaman keçir, dövr dəyişir, illər bir-birini əvəz
edir və ən nəhayət insanları yeniləri əvəzləyir. Bu müddət ərzində
dəyişməyən, yaddaşlara və qəlblərə əbədi həkk olunan hadisələr də
baş verir. Həmin hadisələrin əksər qəhrəmanları şəhidlərdir. Vətən uğrunda
istəkli olaraq öz canını fəda edən şəhidlər... Şəhidlər döyüşərək bu zirvəni
fəth edirlər. Şəhidlik zirvəsinə yüksəlməyə hər kəs nail olmur. Yalnız müqəddəs
amal, məqsəd uğrunda irəliləyənlər həmin zirvəyə sahib olurlar. Qəlblərindəki
iman, Vətən və millət sevgisi onları bu mərtəbə üçün mübarizəyə ruhlandırır.
Hər bir xalqın tarixini yazan şəhidləri olub. Həmçinin bir millətin azadlığı
şəhidlərin şücaətinin nəticəsidir. Odur ki, şəhidlər bizim qürur mənbəyimiz,
vüqarımız, fəxrimizdir. Onlara ehtiramla yanaşmaq isə hər birimizin borcudur. Öz qanları ilə Qəhrəmanlıq dastanı yazan, Vətəni özününkü olduğu üçün
sevməyi, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda
canından keçməyə hazır olmağı öyrədən igid oğullarımızı gələcək nəsillərə
tanıtmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Bu
gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi
tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi,
döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu
gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli,
Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Mübariz Eyyubovun,
Mehman Quliyevin, Surxay Məmmədovun, Ənvər Abdullayev, Məmməd Rəhimovun, Aliyə
Əliyevanın əziz xatirəsini yad
edirik. Eyyubov Mübariz Hidayət oğlu Eyyubov
Mübariz Hidayət oğlu 20 oktyabr 1973-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1980-ci ildə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin
birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə hərbi
xidmətə getmişdir. 1993-cü ildə aprel ayının 12–də Vəlixan meşəsi uğrunda gedən
döyüşlərdə şəhid olmuşdur. Subay idi. Quliyev Mehman Allahverən oğlu Quliyev
Mehman Allahverən oğlu 23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə
Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi. Məmmədov Surxay Nəsib oğlu Məmmədov
Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü
ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1983-cü
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə
olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak
etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur. Abdullayev Ənvər Abdulla oğlu Abdullayev
Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində
anadan olmuşdur. 1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü
ildə Azərbaycanın ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun
Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Rəhimov Məmməd Məhəmməd oğlu Rəhimov
Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki
sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam
etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin
mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli
idi. 4 övladı var. Əliyeva Aliyə Fərhad qızı Əliyeva
Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1983-cü ildə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin
birinci sinfinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı
qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son
qoydu.
Facebook-da paylaş