Əsas Səhifə > Şəhidlər > Şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir

Şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir


25-10-2020, 09:20

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Zaman keçir, dövr dəyişir, illər bir-birini əvəz edir və ən nəhayət insanları yeniləri əvəzləyir. Bu müddət ərzində  dəyişməyən, yaddaşlara və qəlblərə əbədi həkk olunan hadisələr də baş verir. Həmin hadisələrin əksər qəhrəmanları şəhidlərdir. Vətən uğrunda istəkli olaraq öz canını fəda edən şəhidlər... Şəhidlər döyüşərək bu zirvəni fəth edirlər. Şəhidlik zirvəsinə yüksəlməyə hər kəs nail olmur. Yalnız müqəddəs amal, məqsəd uğrunda irəliləyənlər həmin zirvəyə sahib olurlar. Qəlblərindəki iman, Vətən və millət sevgisi onları bu mərtəbə üçün mübarizəyə ruhlandırır. Hər bir xalqın tarixini yazan şəhidləri olub. Həmçinin bir millətin azadlığı şəhidlərin şücaətinin nəticəsidir. Odur ki, şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir. Onlara ehtiramla yanaşmaq isə hər birimizin borcudur. Öz qanları ilə Qəhrəmanlıq dastanı yazan, Vətəni özününkü olduğu üçün sevməyi, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmağı öyrədən igid oğullarımızı gələcək nəsillərə tanıtmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Mübariz Eyyubovun, Mehman Quliyevin, Surxay Məmmədovun, Ənvər Abdullayev, Məmməd Rəhimovun, Aliyə Əliyevanın əziz xatirəsini yad edirik. 

Eyyubov Mübariz Hidayət oğlu


Eyyubov Mübariz Hidayət oğlu 20 oktyabr 1973-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1980-ci ildə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə hərbi xidmətə getmişdir. 1993-cü ildə aprel ayının 12–də Vəlixan meşəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Quliyev Mehman Allahverən oğlu


Quliyev Mehman Allahverən oğlu 23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi.

Məmmədov Surxay Nəsib oğlu


Məmmədov Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur.

Abdullayev Ənvər Abdulla oğlu


Abdullayev Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Rəhimov Məmməd Məhəmməd oğlu


Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli idi. 4 övladı var.

Əliyeva Aliyə Fərhad qızı


Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu.


Geri qayıt