• Təqvim

  • Maraq



Şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------


Şəhidlik! Ucalardan ucada dayanan zirvə. Elə uca zirvə ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksəlməkdən bir an belə çəkinməyən saysız-hesabsız oğullarımız  var. Torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi minlərlə qəhrəman oğul və qızlarımızda bu zirvəni fəth etmək üçün ürəklərində alovlanan bir qığılcım olub hər zaman. O arzu, istək ki, igid Vətən oğullarını düşmənə baş əyməyə qoymayıb. Qalib çıxdığımız bütün döyüşlər həmişə sübut edib  ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rafiq İsmayılovu, Akşın Məmmədovu, Havaxanım Əsgərovanı, Hafiz Adıgözəlovu, Kamran Əmrahovu, Bəxtiyar Əmrahovu, Xəqani Sanıyevi, Saqif Nəsirovu, Əlləz Əlləzovu, Rəşad Nəsibovu, Vilayət Əzizovu, Nəsimi Hüseynovu, Şakir Əsgərovu yad edirik. 

İsmayılov Rafiq Namaz oğlu


İsmayılov Rafiq Namaz oğlu 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu verilmişdir.

Məmmədov Akşın Vəlyəddin oğlu

 

Məmmədov Akşın Vəlyəddin oğlu 23 mart 1976-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur.  Xanlıqlar kənd tam orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1997-ci il yanvar ayının 16-da Murovdağda Gülüstan qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı şəhid olmuşdur. İstehkamçı manqa komandiri olmuşdur. Subay idi.

Əsgərova Havaxanım Dədəş qızı

 

Əsgərova Havaxanım Dədəş qızı 23 dekabr 1956-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Bağanıs Ayrım kənd ibtidai məktəbinin  birinci sinfinə getmişdir. 1974-cü ildə Aşağı Əskipara kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində azyaşlı uşağı ilə birlikdə yandırılmışdır.

Adıgözəlov Hafiz Ramiz oğlu 

Adıgözəlov Hafiz Ramiz oğlu 5 fevral 1990-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində yandırılaraq həlak olmuşdur.

Əmrahov Kamran Əziz oğlu

 

Əmrahov Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1966-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1976-cı ildə həmin orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına bulaq çəkilmişdir.

Əmrahov Bəxtiyar Əziz oğlu


Əmrahov Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1967-ci ildə Çaylı kənd 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır.

Sanıyev Xəqani Şəmsəddin oğlu


Sanıyev Xəqani Şəmsəddin oğlu 19 may 1962-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1968-ci ildə Kommuna kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o vaxtlar Lenin adına Dövlət Pedoqoji İnstitutun coğrafiya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla İsmayıllı rayonunun Hacıhəsənli kənd orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1986-cı ildən isə Qazax rayonunun Ürkməzli kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 24 mart 1990-cı ildə ermənilər Bağanıs Ayrım kəndini mühasirəyə alarkən köməyə gedən zaman yaralanmış və şəhid olmuşdur.

Nəsirov Saqif Nəsir oğlu


Nəsirov Saqif Nəsir oğlu 25 mart 1973-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1980-88-ci illərdə Ürkməzli kənd tam orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Təhsilini 117 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlamışdır. 7 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd tam orta məktəbi şəhid Saqif Nəsirovun adını daşıyır.

Əlləzov Əlləz Ələddin oğlu


Əlləzov Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirib. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribat zamanı axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olub.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu martın 27-də böyük izdihamla doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.

Vətən uğrunda canından keçən şəhidimizin bir qardaşı var.

Nəsibov Rəşad Hümbət oğlu


Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi.

Əzizov Vilayət Abdulla oğlu


Əzizov Vilayət Abdulla oğlu 27 mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə getmişdir. 24 dekabr 1994-cü ildə Qazax rayonunun Qızılhacılı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Hüseynov Nəsimi Sarı oğlu


Hüseynov Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbinin birinci sinifinə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbin beşinci sinfinə kimi oxumuş, sonra təhsilini Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. 

1993-cü ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə  iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun "Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

            Əsgərov Şakir Əsgər oğlu


Əsgərov Şakir Əsgər oğlu 31 mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanbryan rayonunun Ayrım qəsəbəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanbryan rayonunun Aşağı Körpülü kənd orta məktəbində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.



Facebook-da paylaş