• Təqvim

  • Maraq



Ən müqəddəs sözdü Vətən

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------


Torpaq, Vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə sahib çıxmaq millət kimi bizə ulu babalardan miras qalan xüsusiyyətdir. Heç kəsin torpağına göz dikməyən,  təcavüzkarlığı özünə rəva görməyən Azərbaycan  xalqı həmişə  sülhsevər olub. Xalqımız yalnız öz doğma yurdunu,  torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən heç vaxt çəkinməyib. Torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi minlərlə qəhrəman oğul və qızları bu xalqı düşmənə baş əyməyə qoymayıb. Qalib çıxdığımız bütün döyüşlər həmişə sübut edib  ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü hər şeydən üstün tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım günü olan şəhidlərimizdən – Zülfüqar Mirzəliyevin, Şahin Süleymanovun, Zahid Mahmudovun, Vüqar Süleymanovun, Orxan Əliyevin, Zülfüqar Vəkilovun əziz xatirələrini yad edirik.

Mirzəliyev Zülfüqar Bəkir oğlu


Mirzəliyev Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1976-ci ildə Kommuna kənd 8 illik orta məktəbin birinci sinfinə  daxil  olmuş və 1984-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-1986 Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə çağrılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq milli orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur. Zülfüqar Mirzəliyev Çaylı kənd Şəhidlər Xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir.

Süleymanov Şahin Novruz oğlu


Süleymanov Şahin Novruz oğlu 9 avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Süleymanov Şahin Novruz oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Mahmudov Zahid Alı oğlu


Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ilde Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikomuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikomu bitirmişdir. 1973-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın N saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. Həyat yoldaşı Gültəkin Mahmudova Bakı şəhəri 212 saylı məktəbdə xarici dil müəllimi işləyir. İki övladı var. Oğlu Anar Mahmudov DİN-nin DQ-nın N saylı hərbi hissəsində zabit işləyir. Digər oğlu Zaur Mahmudov ali təhsilli iqtisadçı, iş adamıdır.

Süleymanov Vüqar Şükür oğlu


Süleymanov Vüqar Şükür oğlu 9 avqust 1976-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1983-cü ildə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. Məktəbi bitirməyinə 1 il qalmış 11 avqust 1992-ci ildə Qazax şəhəri erməni silahlı qüvvələri tərəfindən artileriya atəşinə tutularkən yaşadığı Əhməd Seyidov küçəsi 39 ünvanında şəhid olmuşdur. 

Əliyev Orxan Məhəmməd oğlu


Əliyev  Orxan Məhəmməd  oğlu  11 avqust  1995-ci ildə Qazax rayonunun Aslanbəyli  kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil  nəqliyyatı” şöbəsinin "Yol  hərəkətinin təşkili” ixtisası  üzrə   daxil  olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. 

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.

Vəkilov Zülfüqar Tahir oğlu


Vəkilov Zülfüqar Tahir oğlu 11 avqust 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1982-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1992-ci il həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ilin oktyabrından Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağırılmış və müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 oktyabr 1995-ci ildə Füzuli rayonunun Aşağı Abdurəhmanlı kəndində hərbi əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur.



Facebook-da paylaş