Ən müqəddəs sözdü Vətən
Torpaq, Vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə sahib çıxmaq millət kimi bizə ulu babalardan miras qalan xüsusiyyətdir. Heç kəsin torpağına göz dikməyən, təcavüzkarlığı özünə rəva görməyən Azərbaycan xalqı həmişə sülhsevər olub. Xalqımız yalnız öz doğma yurdunu, torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən heç vaxt çəkinməyib. Torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi minlərlə qəhrəman oğul və qızları bu xalqı düşmənə baş əyməyə qoymayıb. Qalib çıxdığımız bütün döyüşlər həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur.
Bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid vermişdir. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qazax rayonunda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, öz şücayətləri ilə cəsarət simvoluna çevrilmiş igid oğul və qızlarımıza verilən dəyər hər kəsə yaxşı məlumdur. Vətən fədailərinin əziz xatirəsi rayonda hər zaman uca zirvədə tutulur. Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərinin şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Rayonumuzda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş, şəhidlik adlı zirvəyə ucalmış şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, əziz xatirələrinin yad edilməsi də bu istiqamətdə görülən işlərin əyani sübutudur.
GOYEZEN.AZ saytı bu dəfə də ənənəsinə sadiq qalıb Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Müşfiq Məmmədovun, İlqar Poluyevin, Ziyad Məmmədovun, Məhəmməd Vəliyevin, Kamran Əmrahovun, Rəşad Nəsibovun, Əmir İbrahimovun əziz xatirələrini yad edir.
Məmmədov Müşfiq Sabir oğlu
Məmmədov Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən Milli Ordu sıralarına könüllü yazılan Müşfiq N saylı hərbi hissənin 3-cü alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının 4-də şəhid olmuşdur. "Azərbaycan bayrağı" ordeni, Türkiyənin Bətər federasiyası tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Poluyev İlqar Rəşid oğlu
Poluyev İlqar Rəşid oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 01.09.1975-ci ildə (indiki Nizami Hüseynov) adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1985-1987–ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1987-1992–ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir.
15 yanvar 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Xəzər dənizində şəhidin adını daşıyan yük gəmisi var.
Məmmədov Ziyad Məhəmməd oğlu
Məmmədov Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçlər kəndində anadan olmuşdur. 1972-1980-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda traktorçu-maşinist işləmişdir.
1993-cü ildə erməni quldurlarının torpaqlarımıza etdiyi təzavüz zamanı Ziyad da Milli Ordu sıralarına səfərbər olmuşdur. N saylı hərbi hissədə xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan meşəsi və Böyük Cəfərli kəndinin "Qaraçal” yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də "Vəlixan” meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasınaşəhid olmuşdur.
Vəliyev Məhəmməd İbrahim oğlu
Vəliyev Məhəmməd İbrahim oğlu 10 iyun 1969-cu ildə Qazax rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 28 avqust 1992-ci ildə N saylı hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid olmuşdur.
Əmrahov Kamran Əziz oğlu
Əmrahov Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1966-cı ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1976-cı ildə həmin orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına bulaq çəkilmişdir.
Nəsibov Rəşad Hümbət oğlu
Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi.
İbrahimov Əmir Əsgər oğlu
İbrahimov Əmir Əsgər oğlu 1954-cü il sentyabr ayının 2-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1961-ci ildə Daş Salahlı kənd 1 saylı tam orta məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il il mayın 23-də Qazax rayonunda yerləşən "Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur.
Facebook-da paylaş