Vətəni qibləgah edən şəhidlər
"Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir" deyib böyüklərimiz. Elə bu səbəbdən də ana vətənimiz olan Azərbaycan adlı məmləkət uğrunda qeyrətli oğullarımız öz canlarından-qanlarından keçiblər. Onlar yaşadıqları torpaq uğrunda ona görə şəhid olublar ki, müstəqil Azərbaycan dövləti və onun vətəndaşları rahat şəkildə yaşaya bilsinlər.
Məhz bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğulları, ən uca zirvə olan şəhidlik məqamına yüksələrkən də ana vətəni qorumaqdan başqa bir şey haqda düşünməyiblər. Bizim isə müqəddəs vəzifəmiz və borcumuz şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etməkdir.
Bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan və 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid vermişdir. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, öz şücayətləri ilə cəsarət simvoluna çevrilmiş igid oğul və qızlarımızın xatirəsi Qazax rayonunda hər zaman uca zirvədə tutulur. Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Rayonumuzda torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş, şəhidlik adlı zirvəyə ucalmış şəhidlərimizin doğum və anım
günlərinin qeyd olunması, əziz xatirələrinin yad edilməsi bu istiqamətdə görülən
işlərin əyani sübutudur.
GOYEZEN.AZ saytı bu dəfə də ənənəsinə sadiq qalıb Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Əjdər Babayevin, Yavər
Mirzəyevin, Alı Alıyevin, Tahir Fərzəliyevin, Vüqar Bənnayevin, Qalib Əliyevin,
Nuridə Pirvəliyevanın əziz xatirələrini yad edir.
Babayev Əjdər Xalıqverdi oğlu
Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür.
1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.
Mirzəyev Yavər Abbas oğlu
Mirzəyev Yavər Abbas oğlu 20 avqust 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1992-ci ildə məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Mirzəyev Yavər Abbas oğlu 16 avqust 1993-cü ildə Fizuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Quşçu Ayrım kənd tam orta məktəbi və kənd ərazisindəki bulaq şəhidin adını daşıyır. Subay idi.
Alıyev Alı Hümbət oğlu
Alıyev Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
Fərzəliyev Tahir Dursun oğlu
Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972–ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1979-cu ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrlmışdır. 6 mart 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Bənnayev Vüqar Sabir oğlu
Bənnayev Vüqar Sabir oğlu 21 avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1986-cı ildə şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur. Həmin il kursu bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr 2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhid olmuşdur.
Əliyev Qalib Nazim oğlu
Əliyev Qalib Nazim oğlu 25 avqust 1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1981-ci ildə Kosalar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci il tarixdə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Fizuli bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust 1997-ci il tarixli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.
Pirvəliyeva Nuridə Cəlal qızı
Pirvəliyeva Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.
Facebook-da paylaş