"Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir" deyib böyüklərimiz. Elə bu səbəbdən də ana vətənimiz
olan Azərbaycan adlı məmləkət uğrunda qeyrətli oğullarımız öz
canlarından-qanlarından keçiblər. Onlar yaşadıqları torpaq uğrunda ona görə şəhid olublar ki, müstəqil
Azərbaycan dövləti və onun vətəndaşları rahat şəkildə yaşaya bilsinlər.
Məhz bu müqəddəs amal uğrunda döyüşə atılan və
düşmənə sinə gərən qeyrətli Vətən
oğulları, ən uca zirvə olan şəhidlik məqamına yüksələrkən də ana vətəni
qorumaqdan başqa bir şey haqda düşünməyiblər. Bizim isə müqəddəs vəzifəmiz və
borcumuz şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək
və ruhlarını şad etməkdir.
Bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan
və 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonu da Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid vermişdir. 7 nəfər igid oğlu Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş, öz şücayətləri ilə cəsarət simvoluna çevrilmiş igid oğul və
qızlarımızın xatirəsi Qazax rayonunda hər zaman uca zirvədə tutulur. Vətən
sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan
qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk
gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə
təmir edilməsi bunun bariz nümunəsidir.
Rayonumuzda torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş, şəhidlik adlı zirvəyə ucalmış şəhidlərimizin doğum və anım
günlərinin qeyd olunması, əziz xatirələrinin yad edilməsi bu istiqamətdə görülən
işlərin əyani sübutudur.
GOYEZEN.AZ saytı bu dəfə də ənənəsinə sadiq qalıb Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Əjdər Babayevin, Yavər
Mirzəyevin, Alı Alıyevin, Tahir Fərzəliyevin, Vüqar Bənnayevin, Qalib Əliyevin,
Nuridə Pirvəliyevanın əziz xatirələrini yad edir.
Babayev Əjdər
Xalıqverdi oğlu
Babayev
Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun
ailəsi Ağstafaya (Xətai
kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə
həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər
Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi
dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür.
1995-ci il 13-17 mart hadisələri Vətənin
sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər
Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş
gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev
Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülmüşdür.
Ağstafa rayonunda dəfn
edilmişdir, adına məktəb var.
Mirzəyev Yavər Abbas oğlu
Mirzəyev Yavər Abbas oğlu 20
avqust 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş,
1992-ci ildə məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Mirzəyev Yavər
Abbas oğlu 16 avqust 1993-cü ildə Fizuli rayonu ərazisində gedən döyüşlərdə şəhid
olmuşdur. Quşçu Ayrım kənd tam orta məktəbi və kənd ərazisindəki bulaq şəhidin
adını daşıyır. Subay idi.
Alıyev Alı Hümbət oğlu
Alıyev Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara
kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci
sinfinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə
olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində
erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci
ildə Aşağı Əskipara kəndi uğrunda gedən
döyüşdə şəhid olmuşdur.
Fərzəliyev
Tahir Dursun oğlu
Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972–ci ildə Qazax rayonunun
Hüseynbəyli kəndində anadan olmuşdur. 1979-cu ildə Hüseynbəyli kənd tam orta məktəbin
birinci sinfinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrlmışdır. 6 mart 1994-cü
ildə Qazax rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Bənnayev
Vüqar Sabir oğlu
Bənnayev Vüqar Sabir oğlu 21
avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1986-cı ildə şəhər Səlim
Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2002-ci ildə Azərbaycan
Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur. Həmin il kursu
bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr 2002-ci ildə Tərtər
istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə borcunu yerinə
yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhid olmuşdur.
Əliyev Qalib Nazim oğlu
Əliyev Qalib Nazim oğlu 25 avqust
1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1981-ci ildə
Kosalar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci il tarixdə
həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli
Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Fizuli bölgəsində döyüş
zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust 1997-ci il tarixli qətnaməsi
ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.
Pirvəliyeva
Nuridə Cəlal qızı
Pirvəliyeva Nuridə Cəlal qızı 26 avqust
1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə ermənilərin
Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.
Geri qayıt
|