• Təqvim

  • Maraq



Şəhidlik böyük, əlçatmaz zirvədir

Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------


Şəhidlik böyük, əlçatmaz zirvədir. Hər kəs şəhid ola bilmir. Vətən, torpaq, xalq uğrunda şəhid olan oğullarımızla fəxr etməliyik. Bu gün qəhrəman döyüşçülərimizin igidliyi, qorxmazlığı bizdə əminlik yaradır ki, zəbt olunmuş torpaqlarımız vətənpərvər, igid döyüşçülərimiz tərəfindən qaytarılacaq, şəhidlərimizin ruhu şad olacaqdır. Bu amal uğrunda öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını zəbt olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi daim düşmən gülləsinin atəşinə məruz qalır.

Qazaxda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 285 şəhidin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqların, nümayəndə heyətlərinin kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkməsi, memorial önünə tər çiçəklər düzməsi, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan ehtiramın daha bir nümunəsidir. Bundan əlavə, rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar almaları şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur.  GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Milli Qəhrəman Aqil Musayevin, Pəhlivan Abbasovun, Adil Vəliyevin, Ruslan Hüseynovun, Gülayə Yusibovanın, Ələsgər Vəliyevin, Məmmədkərim Cəfərovun, Rövşən Alıyevin, Şamil Məmmədovun, Altay Qafarovun əziz xatirələrini yad edirik.

Musayev Aqil Hüseyn oğlu


1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir.

1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən  Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə  əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir.  İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi-torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu.

A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən  döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır.

O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qazax rayon Əzizbəyli (indiki Hüseynbəyli) kəndində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 

Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 

Abbasov Pəhlivan İsə oğlu


Abbasov Pəhlivan İsə oğlu 2 oktyabr 1961-ci ildə Məzəm kəndində anadan olmuşdur. 1968-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1978-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və sovet ordusu sıralarına çağırılmışdır. Abbasov Pəhlivan İsə oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 3 övladı var.

Vəliyev Adil Habil oğlu


Vəliyev Adil Habil oğlu 3 oktyabr 1990–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2013-cü il aprel ayının 15-də Xanlıqlar kəndi ərazisində təmas xəttini keçərək göyərti yığmağa gedən zaman minaya düşmüşdür. Yaralı vəziyyətdə ərazidən çıxarılmasına cəhd edilmiş, lakin erməni snayperləri imkan verməmiş, qanaxmadan vəfat etmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsitərəfindən atəş dayandırıldıqdan sonra onun meyiti ərazidən çıxarılmışdır.

Hüseynov Ruslan İsfəndiyar oğlu


Hüseynov Ruslan İsfəndiyar oğlu 3 oktyabr 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1979-cu ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-1991-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. N saylı Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Ruslan Hüseynov 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.

Yusibova Gülayə Məhəmməd qızı


Yusibova Gülayə Məhəmməd qızı 1952-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1957-ci ildə Məzəm kənd ibtidai məktəbinin  birinci sinfinə getmişdir. 1967-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin onuncu sinfini bitirmişdir. 6 oktyabr 1991-ci ildə Xeyrımlı kəndində şəhid olmuşdur. 

 Vəliyev Ələsgər Oruc oğlu


Vəliyev Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2 oktyabr 1993-cü ildə şəhid olmuşdur.

 Cəfərov Məmmədkərim Sosu oğlu


Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü il Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.

Alıyev Rövşən Cəbrayıl oğlu


 

Alıyev Rövşən Cəbrayıl oğlu 1 oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı   kəndində anadan olmuşdur. 1984-cü ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci  sinfinə daxil olmuş, 1995-ci Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin  onuncu sinfini  bitirmişdir. Sumqayıt  şəhər  Mədəniyyət  şöbəsinin  nəzdində  mühasib  ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına  çağırılmışdır. 8 yanvar 1998-ci  ildə  Ağdam  rayonunun  Yusifcanlı  kəndi  istiqamətində  gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Məmmədov Şamil Rəfi oğlu


Məmmədov Şamil Rəfi oğlu 1 aprel 1967-ci ildə Qazax rayonunun Fərəhli kəndində  anadan olmuşdur. 1974-cü ildə Fərəhli kənd ümum orta məktəbinin birinci sinfinə daxil  olmuş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1983-85-ci illərdə  Alpout kənd tam orta məktəbinin onuncu sinfini bitirmişdir. 1985-87-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra kənd təsərrüfatı  sahələrində işləmişdir. 4 oktyabr 1993-cü ildə Qazax rayonunun Cəfərli kəndi  istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Hazırda həyat yoldaşı və oğlu  Fərəhli kəndində yaşayır.

Qafarov Altay Sadıq oğlu


Qafarov Altay Sadıq oğlu 14 sentyabr 1970-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbində təhsil almışdır.  N saylı hərbi hissədə xidmət etmişdir. Subay idi. 7 oktyabr 1995-ci ildə şəhid olmuşdur.  

 



Facebook-da paylaş