Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər birimizin borcudur
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------------------- VƏTƏN! Bu müqəddəs söz hər birimiz üçün əziz və doğmadır. Çünki Vətən Anadır. Hamının ayrı-ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu, Vətəndir!. Biz bu həyatda necə ki, Allaha və valideynlərimizə borcluyuq, həmçinin Vətənə də borcumuz var. O borcu qaytarmaq üçün hər birimiz Vətən qarşısında müsəlləh əsgərlərik. Özümüzü dərk etdiyimiz andan etibarən doğma vətənimiz olan Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunması yolunda Şəhidlik adlı zirvəni fəth etməyi gözə almalıyıq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Bu, hər bir vətəndaşın ən ümdə borcu olmalıdır. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən çavuş Natiq Məmmədovun, İlqar Həsənqarayevin, baş gizir İsə Almazovun, çavuş Surxay Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik. Çavuş Məmmədov Natiq Məhəmməd oğlu Məmmədov Natiq Məhəmməd oğlu 12 avqust 1967-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1974-cü ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1985-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra polis orqanlarında çalışmışdır. Məmmədov Natiq Məhəmməd oğlu 16 iyun 2005-ci ildə Məzəm kəndində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 2 övladı var. Həsənqarayev İlqar Həmid oğlu Həsənqarayev İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə Kürdəmir rayonunun Xınışlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə həmin orta məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 18 iyun 1994-cü ildə Biləcəri yolunda hərbi texnikanın qəzası nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Baş gizir Almazov İsə Ziyad oğlu Baş gizir Almazov İsə Ziyad oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir. 13.01.2001-ci ildə gizir, 29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif olunmuşdur. Baş gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində Qazax rayonunun Kəmərli kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından həlak olmuşdur. Baş gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır. Baş gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Baş gizir İ.Almazov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli Əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Çavuş Məmmədov Surxay Nəsib oğlu Məmmədov Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1983-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Facebook-da paylaş