Prezident İlham Əliyev: “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur”
Cari ilin 15 dekabr tarixi Prezident İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə iştirakı və çıxışı ilə yadda qaldı.
Prezident İlham Əliyev bildirdi ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub.
Böyük etimadın göstəricisini vurğulayan ölkə başçısı qeyd etdi ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq.
Ölkə rəhbəri söylədi ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.
Önəmli amillərə toxunan ölkə başçısı qeyd etdi ki, bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətindən danışan ölkə rəhbəri vurğuladı ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir.
Beynəlxalq ictimaiyyətin yekdil mövqeyini qeyd edən ölkə başçısı bildirdi ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.
Dövlət başçısı bildirdi ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir.
Beynəlxalq riyakarlıqdan söz açan ölkə başçısı qeyd etdi ki, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar.
“İkili standartlar” siyasətinin təzahürünə toxunan ölkə rəhbəri qeyd etdi ki, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir.
Dövlət başçısı bildirdi ki, beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir.
Uğurlu sədrlikdən danışan ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır.
Beynəlxalq dəstəyin böyük göstəricisini qeyd edən ölkə başçısı söylədi ki, dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
Prezident İlham Əliyev bildirdi ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək.
Ölkə başçısı bildirdi ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır.
Dövlət başçısı qeyd etdi ki, bütün hazırlıq işlərinə start verməliyik. Tədbirin keçirilməsinə 11 aydan az vaxt qalıbdır.
Ölkə başçısının söylədiyi kimi, COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.
Enerji siyasətinin prioritetini qeyd edən dövlət başçısı söylədi ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir.
Facebook-da paylaş