Prezident İlham Əliyev: “Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Bəli, cari ilin 9 dekabr tarixi Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibənin yayımlanması və müsahibə zamanı səsləndirdiyi fikirlərlə yadda qaldı.
Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib.
Ölkə başçısı qeyd etdi ki, neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir.
Düşünülmüş sosial siyasətdən danışan ölkə rəhbəri bildirdi ki, son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.
Dövlət başçısı vurğuladı ki, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.
Ölkə rəhbəri müsahibə zamanı iqtisadi artımı təmin edəcək sahələrə investisiyaların qoyuluşu barədə də danışdı. Qeyd etdi ki, 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.
Dövlət başçısı bildirdi ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır.
Ölkə rəhbəri söylədi ki, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır.
Ölkə başçısı qeyd etdi ki, əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır.
Prezident bildirdi ki, Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır.
Ölkə başçısının söylədiyi kimi, Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.
Dövlət başçısı qeyd etdi ki, enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.
Müsahibəsində işgüzar əlaqələrin vacib hissəsinə toxunan ölkə başçısı bildirdi ki, Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verilib.
Ölkə rəhbərinin vurğuladığı kimi, hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib.
Ölkə başçısı bildirdi ki, bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.
Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra.
Dövlət başçısı söylədi ki, Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur.
Önəmli əməkdaşlıq istiqamətindən danışan dövlət başçısı qeyd etdi ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.
Dövlət başçısı vurğuladı ki, sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.
Ölkə Prezidentinin qeyd etdiyi kimi, beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.
Effektiv xarici siyasətdən söz açan ölkə başçısı bildirdi ki, Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir.
Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb. Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Sülh sazişinin şərtlərindən danışan ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır.
Ölkə başçısı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar.
Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.
Ədalətli və beynəlxalq hüquqa əsaslanmış yanaşmadan söz açan ölkə başçısı qeyd etdi ki, əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtsa o, Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək.
Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar.
Facebook-da paylaş