• Təqvim

  • Maraq



Dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan


Azərbaycan xalqı bəşər tarixinə görkəmli dövlət xadimləri, qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar bəxş edib. Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini dünyaya nümayiş etdirir. Dahi şəxsiyyətlərdən söz düşəndə ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı ilə müasir Azərbaycanın müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Böyük dövlət xadimi həmin dövrdən Azərbaycan Respublikasını dərin böhrandan çıxarıb, inkişafını təmin etdi, tarixi nailiyyətləri qorumaq kimi çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Öz həyatını doğma xalqına həsr etdi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etdi. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə apardı. Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün Ulu Öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirirdi. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idi. Azərbaycan xalqının Ümummilli Lideri bildirirdi: "Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissdir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir". Başqa bir çıxışında Ulu Öndər Heydər Əliyev "Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır", - deyirdi. Onun belə bir fikri də vardır: "Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır".

Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, ölkəni bütöv görmək, məcburi köçkünləri doğma yurd-yuvalarına qaytarmaq idi. Ümummilli Lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli Lider Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilirdi və onu böyük coşqu ilə hər yerdə tərənnüm etdirirdi. İstər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur. Torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün Ulu Öndər beynəlxalq səviyyədə böyük işlər həyata keçirirdi. Beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın haqq səsini ucaldırdı, cəsarətli çıxışlar edirdi. Aparılan sülh danışıqları ilə yanaşı, ordu quruculuğunda, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində uğurlu addımlar atırdı. Ümummilli Lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün sağlam təməllər yaradırdı. Lakin ömür vəfa  etmədi. 12 dekabr 2003-cü ildə Ulu Öndər cismani olaraq həyatla vidalaşsa da, Azərbaycan xalqı təkcə Prezidentini yox, həm də xilaskarını itirsə də onun işıqlı ideyaları hər zaman bizimlədir. 

Böyük öndər Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəni iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevirdi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. 

Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu dəmir yumruqla düşmənin başını əzdi, Vətən müharibəsində zəfər qazanaraq tarix yazdı.  

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!… Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Ruhun şad olsun Ulu Öndər! Bu gün Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Qubadlıda, Xankəndidə, Xocalıda, Ağdərədə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Azərbaycan xalqı hər zaman dahi, unudulmaz şəxsiyyəti, öz böyük oğlunu dərin hörmət və ehtiramla yad edəcək.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi



Facebook-da paylaş