• Təqvim

  • Maraq



Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət nümunəsi


Müstəqilliyimizlə eyni qürurlu dövrə təsadüf edən, vahid siyasi qüvvə kimi alternativinin olmadığını hər gün bir daha təsdiqləyən Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycanımızın uğurla inkişafında və yeni nailiyyətlərə imza atmasında rolu danılmazdır. Obyektiv zərurətdən yaranan bu partiya yarandığı ilk gündən ölkənin siyasi-ictimai, sosial-mədəni həyatında fəal iştirakı ilə dövlətin gələcək həyatının əsasını təşkil edən demokratiya və sabitliyə xidmət etmiş, dövlət müstəqilliyinin qorunub- saxlanmasında, daha da möhkəmlənməsində və inkişafında tarixi əhəmiyyətə malik olmuşdur. Yaradıldığı vaxtdan etibarən xalqın partiyası kimi fəaliyyətə başladı və bu gün də əqidəsinə sadiq qalaraq təməlində Heydər Əliyev ideyaları dayanan uğurlu islahatlarla Azərbaycan vətəndaşlarının təhlükəsiz, gözəl şəraitdə və maddi cəhətdən yaxşı təmin olunmuş şəkildə yaşaması üçün fəaliyyətini davam etdirir.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Bu xalqımız tərəfindən atılan ən məsuliyyətli və doğru qərar idi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Bu isə dağıdıcı proseslərin qarşısını alan təşəbbüs olacaqdı.

Beləliklə, 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Bu böyük tarixi qərar idi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik nümunəsi olaraq Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Partiyanın qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

Bu gün YAP yeni inkişaf mərhələsini yaşayır. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 720 830 nəfər üzvü var. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Bu isə beynəlxalq tendensiyaları nəzərə alan adekvat inkişafın nümunəsidir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıcıllıqla icra edir. YAP-nın İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş yeni proqramı bütün müasir tendensiyaları və regionda yaranmış “yeni reallığı” nəzərə alan bir proqramdır. Bu proqram 5 fəsildən ibarətdir: I “Partiyanın inkişafı və uğurları”, II “Siyasi dəyərlər və prinsiplər”, III “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində: Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı kimi milli maraqlara xidmət edən 10 strateji istiqaməti müəyyən olunub.

Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar isə peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, İinnovativ inkişaf və kreativlik, elmlilik, müasirlik kimi əhəmiyyətli amillərə əsaslanır.

Demokratik siyasi mədəniyyət nümunəsi olaraq “YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı. Partiyanın 11 strateji hədəfi var: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”.

Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

İqtidar partiyasının hakimiyyətdə olduğu son 20 ildə ölkəmiz bir sıra sosial-iqtisadi  nailiyyətlər əldə edib. Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib. İqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata qədər yüksəlib. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 54,9 faizdən 87,6 faizə qədər yüksəlib. Dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın əlavə hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artıb. Ötən müddət ərzində məhsul buraxılışının nominal həcmi 13,5 dəfə böyüyüb, əhalinin gəlirləri 10,5 dəfə artıb. Dövlət Proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılır. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Ötən müddət ərzində 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb. Fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a çatıb. Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılmışdır. 2002-ci illə müqayisədə vergi daxilolmalarda artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək artıb. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalar son 20 il ərzində 35,8 dəfə artıb. Sahibkarlıq subyektlərin sayı 180 mindən 1,5 milyona qədər artıb. Ötən müddət ərzində 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olub. Elə bütün bu sadalanan faktlara əsaslanaraq Yeni Azərbaycan Partiyası hər zaman ümumxalq etimadı qazanmış, qalib siyasi təşkilat, yenilməz vahid qüvvə olduğunu təsdiqləmişdir. Bu gün Yeni Azərbaycan Partiyasına ümumxalq inamı, milyonların etimadı var. Tarixi hadisə olan partiyanın yaranması ölkəmizin inkişafına güclü təsir göstərdi, ölkədə milli birlik və həmrəyliyin güclənməsində öz sözünü dedi. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirdi, Azərbaycanı güclü dövlətə çevirdi, insanların həyat səviyyəsi yüksəldi, sabitlik, inkişaf davamlı proses kimi diqqətdə saxlanıldı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmləndi.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş