• Təqvim

  • Maraq



ADA təhsil bilicilərini Qazaxa topladı


Respublika mətbuatı Qazax haqqında

Qazax Müəllimlər Seminariyasında (ADA Universitetinin Qazax Mərkəzində) "Təhsildə yeni çağırışlar: maarifçilik ənənəsi və sürət dövrü" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Elm və Təhsil Nazirliyi, ADA Universiteti, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, "T-Network" platforması və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə keçirilən konfransda ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdal çıxış edərək diqqətə çatdırmışdır ki, elm və təhsil sahəsi texnoloji çevrilişlərin çağırışlarına cavab vermək üçün daim inkişaf edir: "Bu səbəbdən də müasir təhsildə öz xidmətləri və düşüncələri ilə seçilən mütəxəssislərin, təhsili önə aparan elm adamlarının, xüsusilə Dünya Təhsil Forumunun direktoru Dominik Savajın Qazaxda keçirilən bu tədbirdə iştirakı böyük əhəmiyyət daşıyır". Vəfa Kazdal onu da əlavə etmişdir ki, maarifpərvərlərimizin izi ilə gedən ADA Universiteti gələcəkdə daha çox xarici təhsil ekspertini Qazax Müəllimlər Seminariyasına dəvət edəcək, onların təcrübəsindən yararlanacaqdır.

Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayaraq keçirilən konfransın əhəmiyyətindən danışmış və bir qrup müəllimi təhsildəki səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif etmişdir. 

Sonra Dünya Təhsil Forumunun direktoru Dominik Savaj  "Qlobal təhsildə mövcud olan problemlər, onların həll yolları" mövzusunda çıxış etmişdir. Süni intellektin təhsil sahəsində tətbiqinə toxunan məruzəçi qeyd etmişdir ki, təhsilə inteqrasiyası qaçılmaz olan və süni intellekt müəllimlərin fəaliyyətini dəstəkləməklə yanaşı, şagirdlərin qiymətləndirilməsi işini də sürətləndirir.

Beynəlxalq Musiqi Şurasının rəhbəri, musiqişünas Nigar Axundova çıxışında ümumi təhsil sisteminə mədəniyyətin inteqrasiyasından bəhs etmiş, kulturologiya, musiqişünaslıq və ədəbiyyatın cəmiyyətin mədəni inkişafına təsirindən danışmışdır.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd müəllimlik missiyasının əsas mahiyyətinə toxunaraq bu peşəni icra edənlərin missiya sahibləri olduğunu və onların yetişdirdikləri vətəndaşlarla nümunə göstərdiklərini vurğulamışdır.

Sonra konfrans panel müzakirələrlə davam etmişdir. ADA Universitetinin Strategiya və İnstitusional tədqiqatlar üzrə direktoru Abbas Abbasovun moderatorluğu ilə baş tutan panel iclaslarında Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, Xarici Dillər və Mədəniyyət Departamentinin direktoru Arzu Məmmədova və İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi Orxan Kərimzadə müasir inkişaf dövründə təhsildəki çağırışlardan danışmışlar.

Konfransda "Bir Müəllimin Manifesti" təhsil proqramının 2023-cü il üzrə 21 məzununa diplomlar və Firudin Bəy Köçərli adına "Seminarist" nişanı təqdim edilmiş, Təhsil İnstitutunun aparıcı elmi işçisi Zəhra Muradovanın "Zülmətdə parlayan ziya" kitabının təqdimatı keçirilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

9 oktyabr 2024-cü il

https://www.azerbaijan-news.az/az/posts/detail/ada-tehsil-bilicilerini-qazaxa-topladi-1728428787/340473




Facebook-da paylaş