• Təqvim

  • Maraq



Şəhidin ildönümündə xatirəsi ehtiramla yad edilib


Respublika mətbuatı Qazax haqqında

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Vəliyev Anar Həmzə oğludur. Əsgər Anar Vəliyev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardı.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Xalid Abasovla birlikdə Orta Salahlı kəndində igid Vətən oğlunun evində olub, qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb.

İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan Anar və onun kimi igid oğulların döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin heç zaman unudulmayacağını, daim xatırlanacağını qeyd edib. Xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Anar və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.

Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. 11.10.2020-ci il tarixdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuş, doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra yüksək qiymətləndirildi. Anar Vəliyev Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Yaşadığı evin önündə barelyefi vurulub.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

15 oktyabr 2024-cü il, səhifə 8

https://respublika-news.az/az/news/sehidin-ildonumunde-xatiresi-ehtiramla-yad-edilib 




Facebook-da paylaş