• Təqvim

  • Maraq



Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əbədi və dönməz müstəqilliyimiz” mövzusunda tədbir keçirilib


Oktyabrın 17-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Əbədi və dönməz müstəqilliyimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, tələbələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər. 


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində bu gün yaranmasının 33 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına həsr olunmuş “Müstəqilliyin bərpası günü” filmi nümayiş  etdirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, müstəqilliyimizin bərpasının 33-cü ildönümü və 17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə təbrik edib. C.Hüseynova tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, artıq ölkəmiz Heydər Əliyevin yaratdığı siyasi məktəbin davamçısı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlətdir. Xalqımız azaddır, müstəqildir, sərbəstdir. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Son 20 il isə daha keşməkeşli bir dövr kimi tariximizə yazıldı. Bunların sırasında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin Azərbaycanın milli maraqlarına uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi bir çox əhəmiyyətli hadisələr yer alıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və 17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. Geniş məruzə ilə çıxış edən icra başçısı bildirib ki, bildiyimiz kimi, 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Rayon rəhbəri qeyd edib ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” deyən Ulu Öndər Heydər Əliyevin qətiyyətli iradəsi nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 33 il ötür. 33 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bütün dünyaya Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu bəyan etdi. 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. İcra başçısı vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Rayon rəhbəri bildirib ki, Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik həsrətə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə dalğalanır. Beləliklə, 20-ci yüzillikdə xalqımızın qazandığı ikinci qələbə nəticəsində 18 oktyabr Azərbaycan tarixinə iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır. Dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların vacibliyinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətlidir. 2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın reallaşması və işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası ölkəmiz üçün mühüm mərhələdir.    

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək xalqımızın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğundan danışıb. R.Rzayev bildirib ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti çox gərgin və mürəkkəb ictimai şəraitdə yaranıb, çox az ömür sürsə də tariximizin ən parlaq səhifəsi kimi nəsillərin yaddaşına yazıldı. AXC demokratik hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atdı. Bütün ölkələrlə münasibətləri qarşılıqlı faydalılıq əsasında qurdu, bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etdi. Lakin tarixin dəflərlə sübut etdiyi kimi xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində bu gün yaranmasının 33 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyini qoruyub saxlaya bildik. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli Ümummilli Lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyuldu. 


Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxışına Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün “Azadlıq” şeirinin məşhur misraları ilə başlayıb. Azadlığı istəmirəm bir həb kimi, dərman kimi. İstəyirəm səma kimi, günəş kimi, cahan kimi. Həqiqətən də azadlıq hər bir xalqın, millətin varlığının sübutudur. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əsrlər boyu azadlıq, müstəqillik uğrunda böyük mübarizələrlə, savaşlarla dolu səhifələri çox olmuş, “Bir gün azad yaşamaq yüz il əsarətdə qalmaqdan yaxşıdır” fikiri ilə daim beynində, şüurunda müstəqillik arzusu istiqlala doğru qanlı-qadalı, şanlı-şərəfli yol qət etmişdir. Bu yolda saysız-hesabsız qurbanlar vermiş, mücadilələr aparmış, sonda istiqlala nail olmuşdur. Tarix üçün çox qısa zamanlar olsa da ancaq istiqlalın şirinliyi xalqımızın qan yaddaşına hopmuş, əbədilik yaddaşına həkk olmuşdur. Xalqın milli şüurunun nəticəsi olaraq müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuşdur. Ulu Öndər Heydər Əliyevin çıxışlarında dediyi kimi biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışmalıdır. 


Bakı Dövlət Universitetinin Qazax filialının İctimai fənlər kafedrasında tarix müəllimi, Əməkdar müəllim İndira Vəliyeva ölkəmizin müstəqillik tarixinə qədər keçdiyi keşməkeşli yollardan danışaraq qeyd edib ki, 1991-ci ildə yenidən müstəqil dövlətimizi dünyaya bəyan etdik. Xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin, şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsini yaşamağa nail olduq. Artıq 33 ildir əbədi, dönməz, sarsılmaz müstəqilliyimizi dünya tanıyır. Bu 33 il inkişafla, tərəqqqi ilə nailiyyətlər və uğurlarla zəngin olsa da müstəqilliyimizin ilk illərində Ermənistanın Azərbaycana qarşı torpaq iddiası işğalçılıq siyasəti ilə yanaşı ölkəni idarə edə bilməyən AXC–Müsavat rejimi dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Səriştəsiz və qətiyyətsiz rəhbərlər üzündən torpaqlarımızın xeyli hissəsi itirilmiş, ölkə xaos, anarxiya ilə üz-üzə qalmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. İqtidar nümayəndələri isə başlarını itirmişdilər, ölkəni idarə etmək qabiliyyətində deyildilər. Müdrik xalqımız gələcək taleyini həll edəcək ən doğru addımını atmaqda, dahi şəxsiyyət Heydər Əliyevi təkidlə Bakıya gəlməsini tələb etməyində israrlı idi. Bütün fəaliyyətini, ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev xalqın ona ünvanlanmış ümidlərini puç etmədi, Bakıya qayıtdı, xilaskarlıq missiyasını çiyinlərinə alaraq ömrünün qalan hissəsini də Vətəninə, xalqına həsr etdi. Xalqın müdrikliyinə arxalanaraq düzgün qərarları ilə həm xaricdən, həm daxildən olan zərbələrin qarşısını aldı. Siyasi oyunlara qatılmış ordu hissələrini zərərsizləşdirdi, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni quldurlarının yeni hücum əməliyyatlarının qarşısını aldı, xalqı bəlalardan qurtardı.


Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova çıxış edərək müstəqilliyimizin əbədi, dönməz, sarsılmaz olmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. O, bildirib ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi də Ulu Öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədir. Birincidən az önəm kəsb etməyən digər səbəb isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. Burada həmçinin, Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini, təvazökarlığını, həyatı boyunca topladığı bütün qiymətli və müsbət nə varsa hamısını faydalı şəkildə sintezləşdirmək bacarığını da xüsusi qeyd etmək vacibdir. 


Bakı Dövlət Universitetinin Qazax filialında Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbəsi Allahverdi Süleymanov çıxış edərək bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizin daha da möhkəmlənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz islahatlardan danışıb. Bildirib ki, Azərbaycan hazırda hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində günü-gündən güclənən Azərbaycanda insanlarımız rifah içində yaşayır, azad olunan torpaqlarımıza yeni həyat qayıdır, ölkəmizdə rəşadətli ordu və iradəli xalq birliyi hökm sürür. Biz gənclər isə müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik. 


Tədbir Qazax Rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin VII sinif şagirdləri Zeynəb Alıyevanın “Azərbaycan”, Əli Süleymanovun “Gözün aydın Azərbaycan” şeirlərini səsləndirmələri ilə başa çatıb.





Facebook-da paylaş