Bir ömür tanıyıram...
Azərbaycan adı ilə başlayan, Azərbaycan nidası ilə bitən bir ömür tanıyıram! Şərəf duyğulu, bayraq sevgili, torpaq sevdalı, xalq məhəbbətli, milli qeyrət örnəkli bir ömür!
Ömründən dünyaya nur saçan, nuru ilə qəlbləri isidən nurlu bir ömür tanıyıram. Dilini dinindən, dinini dilindən çox sevən bir ürək tanıyıram.
İnsanlıq deyilən ucalıqda, qardaşlıq deyilən zirvədə yüksələn bir Şərəf bayrağı, bir Zəfər bayrağı tanıyıram. Xalqın muğamından, sazından, sözündən. nəğmələrindən ilham alan bir düha tanıyıram.
Yenilməzliyi, əyilməzliyi, mübarizliyi, məğlubedilməzliyi ilə ədalət qılıncına dönən bir qəhrəman tanıyıram!
Xalqının əzəmətini dünyaya tanıdan, millətinin igidlik səlnaməsini əsrlərdə yaşadan bir tarix tanıyıram.
Ədalətdən güc alan, həqiqətdən dönməyən, gerçəklikdən işıq alan, zəiflərin arxa-köməyi olan bir qanun tanıyıram.
"Qarabağ Azərbaycanın ürəyidir", "Qarabağsız Azərbaycan yoxdur", "Biz Qarabağa qayıdacağıq" söyləyən bir ümid, bir inam tanıyıram!
Haqq yolunun yolçusu, haqqın bələdçisi, sınıq ürəklərin təbibi, Rəbbinə tapınan bir haqq tanıyıram.
Zəkasından düşüncələrə, hökmlərə, ömründən dünyaya nur saçan, nuru ilə qəlbləri isidən bir nurlu ömür tanıyıram. Nur dediyim bu ömür, haqq dediyim bu ömür Heydər Əliyev ömrüdür. Elə bir ömür ki, zəkası ilə dünyanı heyran qoydu, qəlbinin işığı dünyanı nura qərq etdi. O ömür ki, bütünlüklə xalqına bağışladı, xalqına sipər oldu, xalqını dünyaya tanıtdı, epoxaya çevrildi. O ömür ki, dünya siyasətinin Peyğəmbəri oldu. Bütün dünyanı idarə edə biləcək dahi ucalığa çevrildi. Elə bir ömür ki, bütün dünyanı silkələyən, düşmənlərimizin başında ildırım kimi çaxan.
"Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" kəlamını söyləyərək millətinin əzəmətini böyük güclər sırasında tanıtdı. Elə bir ömür ki, xalqının ən dəyərli, ən qiymətli sərvətinə çevrildi.
Elə bir ömür ki, imperiya cəlladlarının ədavət qılıncının kəshakəs vaxtında Şuşamızda Molla Pənah Vaqifə - xalq danışıq dilini ədəbi dil səviyyəsinə çatdıran böyük şairə abidə ucaltmaqla Ana dilinə abidə ucaltmış oldu.
O ömür ki, ata vəsiyyətini şərəflə yerinə yetirən, Dəmir yumruqlu Qalib Sərkərdəmizi Azərbaycanıma bəxş etdi. Əslində Ulu Öndərin, milli liderin bir əsrlik ömrü Azərbaycan xalqına, dünyanın sülhsevər xalqlarına, bütün Türk dünyasına Tanrının ən böyük bəxşişidir.
Bir azərbaycanlı kimi qürurluyam ona görə ki, dünya siyasətçilərinə örnək olan bir şəxsiyyətlə eyni millətin nümayəndəsiyəm.
Əsrlər keçsə də Heydər Əliyev amalı, Heydər Əliyev imzası daim nəsillərdən-nəsillərə keçəcək Azərbaycan adı ilə qoşa addımlayacaq.
Ulu Öndərin davamçısı, Dəmir yumruqlu Qalib Sərkərdəmizə, Prezident İlham Əliyevə Uca Tanrıdan sağlam can və uzun ömür diləyi ilə, böyük məhəbbətlə,
Gülnar OSMANOVA,
Qazax rayon Emin Qurbanov adına
Dəmirçilər kənd tam orta məktəbin müəllimi
Facebook-da paylaş