“Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”
Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycanı bu gün bütün dünya müstəqil dövlət kimi tanıyır. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O, hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycanın davamlı inkişafını təmin edib.
Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz övladı Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qəlblərdə əbədi yaşayır və bundan sonra da yaşayacaq. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə görüyü işləri, misilsiz xidmətləri, tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” deyəndə Azərbaycan xalqının həyatında və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.
15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin iclasında Ulu Öndər Heydər Əliyevin çıxışı zamanı söylədiyi “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır” fikrini bu gün də xatırlayırıq.
13 avqust 1993-cü ildə Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdə Ulu Öndər bildirdi ki, “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”.
22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə olan görüşdə Ulu Öndər qeyd etdi ki, “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur”.
Ulu Öndər 2 noyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində qeyd etdi ki, “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur”. Həmçinin, vurğuladı ki, “Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür”.
4 noyabr 1993-cü ildə Keçmiş beynəlmiləlçi döyüşçülərlə olan görüşdə söylədi ki, “Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir”.
1993-cü ilin 27 dekabrında Azərbaycanın Milli Qəhrəmanları və şəhidlərin ailə üzvləri ilə olan görüşdə çıxışı zamanı bildirdi ki, ““Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır”.
7 fevral 1994-cü ildə İstanbul Beynəlxalq "Sülh və səbir" konfransının iştirakçılarına müraciətində qeyd etdi ki, “Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir”.
9 fevral 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı “Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır” fikirlərini bir daha diqqətə çatdırdı.
23 fevral 1994-cü ildə London, “Hilton” otelində Böyük Britaniyada yaşayan azərbaycanlılarla olan görüşdə çıxışı zamanı söylədi ki, “Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır”.
1994-cü ilin 30 martında Prezident Sarayında pambıqçılıqda mövcud vəziyyət və səpin kampaniyasına hazırlıqla əlaqədar problemlərin həlli yollarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etdi ki, “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır”.
Ulu Öndərin 17 oktyabr 1994-cü ildə Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuş təntənəli yığıncaqda çıxışı zamanı söylədiyi “Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır” fikri bu gün də xatırlanır.
18 avqust 1995-ci ildə dindarlarla olan görüşdə çıxışı zamanı bildirdi ki, “Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir. Biz bir daha müstəmləkə ola bilmərik, bir daha qul ola bilmərik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır”.
2 fevral 1996-cı ildə müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundakı nitqində “Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik” deyə bildirdi.
15 fevral 1996-cı ildə Həştərxan televiziyasının müxbiri ilə müsahibəsində söylədi ki, “Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələri var. Burada həmişə bir çox millətlərin nümayəndələri yaşamışdır və bu gün də yaşayırlar. Biz bunu Azərbaycanın sərvəti sayırıq, bunu qiymətləndiririk və qoruyub saxlamaq istəyirik”.
21 mart 1996-cı ildə Novruz şənliyindəki çıxışında qeyd etdi ki, “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik”.
1 iyul 1996-cı ildə Bonn şəhərində Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri ilə olan görüşdə söylədi ki, “Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər”.
2 avqust 1996-cı ildə Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində Ulu Öndər bildirdi ki, “Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır”. Eyni zamanda, qeyd etdi ki, “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq”.
23 iyul 1997-ci ildə İslam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Şıx kəndində Bibiheybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışında söylədi ki, “Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir”.
30 oktyabr 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayındakı nitqində isə vurğuladı ki, “Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir”.
18 fevral 1998-ci ildə Yeni Azərbaycan Partiyasının gənclər birliyi nümayəndələrinin ümumrespublika toplantısındakı nitqində bildirdi ki, “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir”.
8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mirmövsüm ağanın ziyarətgahında keçirilən görüşdə qeyd etdi ki, “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
30 sentyabr 1998-ci ildə Qafqaz Müsəlmanları Qurultayındakı nitqində vurğuladı ki, “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır”.
8 oktyabr 1998-ci ildə Mingəçevirdə məscid kompleksinin açılışı mərasimindəki nitqində söylədi ki, “Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur”.
18 oktyabr 1998-ci ildə Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə andiçmə mərasimindəki nitqində bildirdi ki, “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”.
21 noyabr 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində qeyd etdi ki, “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
15 fevral 1999-cu ildə Rus Pravoslav Kilsəsi Bakı-Xəzəryanı Yeparxiyasının başçısı yepiskop Aleksandr ilə Prezident sarayında olan görüşdəki söhbətində söylədi ki, “Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir”.
19 mart 1999-cu ildə Biləsuvar rayonunda məskunlaşmış qaçqınlar və məcburi köçkünlərlə olan görüşdə “Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir” söyləyən Ulu Öndər bunun nə qədər önəmli olduğunu bir daha ifadə etdi.
28 mart 1999-cu ildə Qurban bayramı mərasimindəki çıxışında bildirdi ki, “Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
1999-cu ilin 2 noyabrında Türkiyənin Ankara şəhərində müalicə olunan zabit və əsgərlərlə olan görüşdə qeyd etdi ki, “Türk həmişə öz Vətənini sevir, öz torpağını sevir, öz bayrağını sevir və Vətən yolunda, torpaq yolunda həmişə şəhid olmağa hazır olubdur”.
21 mart 2000-ci ildə Novruz bayramı şənliyindəki nitqində söylədi ki, “Bizim millətimiz məğrur, cəsur, qəhrəman millətdir. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Bunların hamısı ilə birlikdə, bizim millətimiz öz iradəsinə inanan və öz məqsədlərinə nail olmağa inanan millətdir”.
21 fevral 2001-ci ildə Bakıda TRASEKA-nın daimi katibliyi ofisinin açılış mərasimindəki nitqində bildirdi ki, “Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır”.
10 oktyabr 2002-ci ildə “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq konfransın açılış mərasimindəki nitqində qeyd etdi ki, “Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyümüz kimi, indi də yaşamaqdadır”.
Bəli, bu gün əminliklə söyləyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycan dövləti qısa müddət ərzində böyük inkişaf yolu keçərək dünya dövlətləri arasında güclü ölkə kimi tanındı. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ölkəmizin uğurlu inkişafının əsasını qoydu.
Ən əsası da Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti gündən-günə inkişaf edir. Güclü dövlət kimi böyük uğurlara imza atan Azərbaycan dövləti cəmi 44 günə işğal altında olan torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq salnaməsi yazdı. Xalqımızın 30 illik torpaq, yurd, Vətən niskilinə son qoyuldu. Qəhrəman Azərbaycan Ordusu 2020-ci ilin 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında uğurlara imza atacaq. 44 günlük Vətən müharibəsində şanlı Zəfər salnaməsi yazan Azərbaycan dövləti bundan sonra da adını bütün dünyaya güclü dövlət kimi yazdıracaqdır.
Facebook-da paylaş