• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır”


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb, cəmi 44 gün sonra başa çatan Vətən müharibəsində tarixi Qələbə, şanlı Zəfər qazanan Azərbaycan dövləti qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də öz sözünü deməkdədir. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisələrlə yazılır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Cari ilin 14 dekabr tarixi də Prezident İlham Əliyevin Türkmənistana səfəri, Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə iştirakı və çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər Azərbaycan-Türkiyə-Türkmənistan dövlətləri arasında olan münasibətlərin hansı müstəvidə olmasını bir daha nümayiş etdirdi. 

Etibarlı əməkdaşlığın obyektiv əsaslarını diqqətə çatdıran Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələrdən danışan ölkə başçısı qeyd etdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

Ölkə rəhbəri çıxışında qarşılıqlı dəstəkdən də söz açdı. Bildirdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

İqtisadi əməkdaşlığın inkişaf dinamikasından danışan dövlət başçısı vurğuladı ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.


Ölkə Prezidenti bildirdi ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.

Ölkə başçısı Azərbaycanın önəmli tranzit ölkəsinə çevrildiyini də diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Çıxışı zamanı ölkə rəhbəri Zəngəzur dəhlizindən də söz açdı. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizinin, avtomobil yolu üzrə 70 faizinin icra olunduğunu söylədi. Bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizinin yaranacağını bildirdi.

Regionun logistik potensialını zənginləşdirən layihələrdən danışan ölkə başçısı bildirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir.


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən söz açan ölkə rəhbəri bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacağını və onun ötürücülük qabiliyyətinin hazırkı 1 milyondan 5 milyon tona çatdırılacağını vurğuladı.

Ölkə başçısı qeyd etdi ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Ölkə başçısı 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edildiyini qeyd etdi. Qarabağ münaqişəsinin həll edildiyini və bu Qələbənin regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdığını söylədi.

Səfər çərçivəsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri də hər üç ölkə üçün mühüm əhəmiyyət daşıyır. Sənəddə əksini tapan “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”, bütün bunlar hər üç ölkə üçün qarşılıqlı əməkdaşlığın bundan sonra da daha geniş müstəvidə davam etdiriləcəyindən xəbər verir. 

GOYEZEN.AZ



Facebook-da paylaş