Prezident İlham Əliyev: “Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”
2020-ci ilin 27 sentyabrında başlayıb və cəmi 44 gün sonra tarixi Qələbə, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi təkcə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmadı, həm də dövlətimizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Tarixi Qələbə qazanmış Azərbaycan bu gün qalib ölkə kimi dünya dövlətləri arasında öz sözünü deməkdədir. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisələrlə yazılır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Cari ilin 25 noyabr tarixi də Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı iştirakı və çıxışı ilə yadda qaldı.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq.
Ölkə Prezidenti çıxışında bildirdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.
Dövlət başçısı qeyd etdi ki, güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir.
Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji layihələrimizin, istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır.
Ölkə başçısının söylədiyi kimi, ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.
Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq.
Ölkə rəhbəri çıxışında qeyd etdi ki, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir.
Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var.
Dövlət başçısı çıxışı zamanı bildirdi ki, Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür.
Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.
Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb.
Ölkə rəhbəri çıxışında iki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərinin tamamlandığını bildirdi. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq.
Ölkə başçısı qeyd etdi ki, Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.
Dövlət başçısı vurğuladı ki, indi Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.
Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.
Ölkə rəhbəri çıxışında Azərbaycan - Pakistan münasibətlərinin dostluq və qardaşlıq müstəvisində inkişaf etdiyini qeyd etdi. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
İndi təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz.
Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var.
Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir.
Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir.
Prezident İlham Əliyev bildirdi ki, İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir.
Dövlət başçısının da söylədiyi kimi, rəqəmsal inkişaf və nəqliyyat ümumi inkişafın və təhlükəsizliyin ən mühüm elementləridir. Azərbaycan mövcud istiqamətdə qabaqcıl təcrübəyə və qabaqcıl texnologiyalara üstünlük verəcəkdir. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır.
Azad edilmiş ərazilərdə şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikilir. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik.
Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsidir. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ehtimalı da mövcuddur. Nümayəndəliyin açılması əməkdaşlığımızın mahiyyətini əks etdirəcək. İşğal dövründə və işğaldan azad edilmə zamanı Ərəb Liqasının üzvü olan ölkələr bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul etmişlər. Azərbaycan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışır. Pandemiya vaxtı biz 80-dən çox ölkəyə, o cümlədən Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyə yardımı və humanitar dəstək göstərmişik.
BP ilə əməkdaşlığımız davam edir. BP Azərbaycanda strateji sərmayədardır, habelə “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. BP, həmçinin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarını verib. Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır.
Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Bölgənin hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib.
Bu gün qürurla deyirik ki, Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir. Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlər olub. Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.
Azərbaycan Afrika qitəsinin ölkələri ilə daha fəal işləyir. İsraildə səfirlik və Fələstində nümayəndəlik açmaq qərarı Albaniyada və Afrika ölkəsi - Keniyada səfirliyin açılması qərarı ilə birgə qəbul olunub. Bizim Afrika İttifaqı Təşkilatında səfirimiz var.
Avropa İttifaqı ilə əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir. Avropa İttifaqı ölkəmizin mühüm tərəfdaşıdır. Biz yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik. Razılaşma demək olar ki, 90 faiz hazırdır. Şərq Tərəfdaşlığının bəzi digər ölkələrindən fərqli olaraq Azərbaycan assosiasiya razılaşmasını imzalamayıb. Şərq Tərəfdaşlığının altı üzv dövlətinin hər birinin fərqli geosiyasi prioritetləri, fərqli coğrafiyası var və fərqli vəziyyətlərdədir. Onlardan ikisi - Azərbaycan və Ermənistan müharibə vəziyyətində idi. “Avropa siyasi birliyi” platforması yeni və uğurludur.
Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir. Bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyac var.
Dövlət başçısı çıxışı zamanı söylədi ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Bu qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.
Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir.
Dekabrın 7-də Brüsseldə nəzərdə tutulmuş görüş keçirilməyəcək. Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.
Praqa görüşü oktyabrın 6-da idi, cəmi bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb.
Dövlət başçısının da söylədiyi kimi, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub.
Azərbaycan diplomatiyasının uğuru. İstər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir.
Rəsmi İrəvanın hiylə siyasəti. Ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib.
Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Qafqaz və Türkiyə, İran, Rusiyanı nəzərdə tutan 3+3 formatı. Müharibədən sonrakı vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik. Biz, sadəcə olaraq, inklüziv ssenarinin lazım olduğunu bildirdik, ona görə də İran və Gürcüstan da dəvət olundu. Gürcüstanın tərəddüdləri var. İran bunu dəstəklədiyini bildirib və biz bunu yaxşı əlamət hesab edərək düşünürdük ki, nəhayət bir araya gələrək dəhlizlər də daxil olmaqla, mühüm məsələləri həll edəcəyik.
Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq.
Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu Azərbaycandan keçir. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini minimum 3-5 milyard dollar edəcək. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir.
Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb.
İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər.
İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik.
Hər bir azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ vardır. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur.
Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir. Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcək.
Erməni cəmiyyəti diaspor və erməni millətçilərinin on illər ərzində davam edən təbliğatı nəticəsində zəhərlənmişdir. Onların azərbaycanlılara qarşı törətdiyi dəhşətli hərəkətlərin, bizim şəhərlərimizi nəyə görə məhv etdiklərinin səbəblərindən biri də bu idi. Onların beyni diaspor tərəfindən yuyulmuşdur.
Türkofobiya və azərbaycanofobiya rəsmi İrəvanın ideologiyasıdır. Onlar uşaqlarını Türkiyəyə və Azərbaycana nifrət aşılamaqla böyüdürlər. Həmçinin onlar öz tarixləri, öz tarixi şəxsiyyətləri haqqında o qədər əfsanələr uydurublar ki, özləri bu nağıllara inanmağa başlayıblar. Onların bütün tarixi, bütün əsas tarixi məhsulları feykdir. Çünki onlar digər xalqların tarixini mənimsəyib onu öz tarixi kimi qələmə verirlər.
Kiçik, yoxsul, Rusiyadan asılı olan, hətta Rusiyanın qulu olan Ermənistan deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər. İşğal zamanı Ermənistanın əvvəlki prezidenti, müharibə canisi Serj Sarkisyana gənc qruplarla görüşlərinin birində Ermənistanın dırnaqarası tarixi əraziləri ilə bağlı sual verilmişdi. O demişdi ki, biz Qarabağı azad etdik və siz də Türkiyənin o hissəsini azad edəcəksiniz.
İki məsələ paralel inkişaf etməlidir - Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması. Ermənistan öz təhsil paradiqmasını tamamilə dəyişməlidir. Onlar öz ideoloji əsaslarını dəyişməlidirlər.
Ölkə rəhbərinin çıxışında vurğuladığı kimi, Azərbaycan ədalətli sülh istəyir. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik.
Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır. Bu, bir nömrəli məsələdir və sözsüz ki, Azərbaycan hər zaman bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz bu mövqedə qalırıq.
Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşma var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik. Onların yanaşması belə idi ki, siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi.
Vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, xalqımız və siyasi iradəmiz oldu. Müasir dövrdə ölkələr güclü olmalıdır. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri, bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur.
Din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq.
Müsəlman dünyasını parçalamaq istəyənlər bütün müsəlmanlara böyük ziyan vururlar. Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından - şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var. Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər.
Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. İndi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük.
Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir. Yüklərin daşınması daha asan olacaq. Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq, bu hava limanının əhəmiyyəti bəlli olur.
Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır. Hər kəs dini və etnik mənşəyindən asılı olmayaraq, Azərbaycanda özünü rahat hiss edir.
2008-ci ildə Azərbaycan “Bakı Prosesi” adlı qlobal təşəbbüslə çıxış etmişdir. Tarixdə ilk dəfə olaraq biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirdik. 100-dən çox ölkə ilk dəfə olaraq toplaşdı. BMT “Bakı Prosesi”ni qəti şəkildə dəstəkləyir. O, mədəniyyətlərarası dialoq üzrə ən mühüm platformalardan biridir.
İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik. Onların arasında Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri var idi. Bu, etnik mənsubiyyətindən asılı olmayaraq, Vətən torpağı uğrunda şərəf mübarizəsi idi.
Ermənilər dinc şəhərləri, o cümlədən Gəncəni atəşə tuturdular. Münaqişənin getdiyi yerdən xeyli uzaqda yerləşən ondan çox şəhər ballistik raketlərlə atəşə tutuldu. “SKAD”, “Elbrus” və hətta “İsgəndər” raketlərindən istifadə etdilər. Özü də “İsgəndər-M” raketi onlarda heç cür ola bilməzdi. Bu, yalnız Rusiyanın silahlı qüvvələri tərəfindən istifadə edilən raketdir. Şuşada aşkar etdiyimiz və hazırda Bakının Hərbi Qənimətlər Parkında nümayiş etdirilən raket “İsgəndər-M”dir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir.
Gürcüstan bizim strateji tərəfdaşımızdır. Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir. Enerji və daşımalar layihələri sahəsində yeni imkanları nəzərə alaraq, birgə əməkdaşlığımızın çox yaxşı nəticələri var. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, layihələrin icrasında Ermənistansız da keçinmək mümkündür.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı bunun bariz təzahürü idi. Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır.
Azərbaycan ilə İtaliya arasında yaxın tərəfdaşlığın növbəti əlaməti. İtaliya Avropa İttifaqının 9 üzvündən biridir ki, Azərbaycan onunla Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Strateji tərəfdaşlığın gündəliyi artır və genişlənir. İtaliya-Azərbaycan Universitetinin yeni binasının tikintisinin maliyyələşdirilməsi nəzərdə tutulub.
Azərbaycanın ixrac qazının həcminin artırılmasına tələbat var. Həcmin artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsi zəruridir. Nəzərə alsaq ki, Azərbaycanın TAP layihəsindəki payı cəmi 20 faizdir, biz bu işi təkbaşına yerinə yetirə bilmərik.
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan ondan çox Avropa ölkəsindən sifarişlər alıb. Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur. Eyni zamanda, ölkəmiz ixracın coğrafiyasını genişləndirməyi planlaşdırır. Azərbaycan interkonnektorların tikintisi ilə bağlı Avropadan daxil olan təşəbbüsləri tam surətdə dəstəkləyir.
Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələr. Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaqdır. Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşları barədə müzakirələr aparırıq. Albaniyada belə şəbəkə mövcud deyil, çünki Albaniya yalnız tranzit ölkəsidir. Lakin onların da yerli tələbatı təmin etmək üçün qaza ehtiyacı vardır. Digər bir layihə də İon-Adriatik qaz boru kəməri layihəsidir ki, üç Balkan ölkəsini əhatə edir. Lakin bu layihəni həyata keçirmək üçün onda maraqlı olan hər kəs gözləyir ki, Avropa İttifaqı müvafiq addımlar atacaq və layihə ilə bağlı öz mövqeyini bildirəcək. Azərbaycan, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırır.
GOYEZEN.AZ
Facebook-da paylaş