• Təqvim

  • Unutma

  • Maraq



YAP-ın təsis edilməsinin 30 illiyi ilə əlaqədar “Siyasi sabitliyin və davamlı inkişafın təminatçısı - Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir keçirilib


Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Mədəniyyət İşçiləri Ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar “Siyasi sabitliyin və davamlı inkişafın təminatçısı - Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində müdir müavini Azad Hümbətov, YAP Qazax Rayon Təşkilatının məsul işçisi Polad Ağakişiyev, Qazax Rayon Mədəniyyət İşçiləri Ərazi ilk partiya təşkilatının sədri Ramil Qurbanov, mədəniyyət müəssisələrinin partiya üzvləri iştirak ediblər.  

Əvvəlcə müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   


Sonra Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası haqqında tarixi əhəmiyyətə malik fikirləri səsləndirilib.


Tədbir iştirakçılarını salamlayan Mərkəzin direktoru Ceyhunə Hüseynova xalqımızın böyük oğlu Heydər Əliyevin banisi olduğu tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb. Bildirib ki, dahi şəxsiyyətin üzərinə böyük bir tarixi missiya götürərək yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisə oldu. Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək “Dünənin, bu günün və sabahın” partiyasına çevrildi. Bu gün partiya öz sıralarında vətənini sevən və xalqına sadiq olan vətəndaşların yer aldığı partiyadır.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində müdir müavini Azad Hümbətov partiyanın uğurlarından danışaraq qeyd edib ki, Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra edildi. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi proqram ardıcıllıqla icra edildi. Bu isə iqtidarın verdiyi bütün vədlərə sadiq qalaraq bütün islahatları ardıcıllıqla icra etməsi deməkdir. 


YAP Qazax Rayon Təşkilatının məsul işçisi Polad Ağakişiyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışaraq bildirib ki, bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan partiya ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası saysız-hesabsız tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, daha da inkişaf edib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin davamlı inkişafın təminatçısı kimi xalqın böyük əksəriyyətinin etimadını qazanıb. 


Qazax Rayon Mədəniyyət İşçiləri ərazi ilk partiya təşkilatının sədri Ramil Qurbanov banisi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəhbərliyi ilə imza atdığı yeni nailiyyətlərindən söz açıb. Bildirib ki, bu partiya 30 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial  diplomatiyasının uğurudur.

GOYEZEN.AZ



Facebook-da paylaş