• Təqvim

  • Maraq



Qubadlının abadlaşıb öz doğma sakinlərinə qucaq açacağı gün uzaqda deyil


2020-ci ilin 27 sentyabrı uzun illərdir düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin başladığı tarix kimi hərb salnaməmizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının yaddaşına tarixi Qələbə ilə həkk olunan 44 günlük Vətən müharibəsindən artıq 2 il arxada qalır. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Azərbaycan xalqı əvvəlki tək uzun illərdir düşmən tapdağında qalan torpaqlarımızın işğal gününü deyil, artıq azadlığa qovuşduğu günü qeyd edir. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 

2020-ci ilin 25 oktyabr günü həm xalqımızın, həm də qubadlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 25-i Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 2 il ötür. Həmin tarixi günü qubadlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar.

Hər kəsə yaxşı məlumdur ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Rayonun coğrafi mövqeyi və təbiəti də əlverişlidir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə, rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Rayonun faydalı qazıntı ehtiyatlarına gəlincə Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Ermənistanın hərbi cinayətləri heç vaxt bitib tükənmək bilmədi. Bunu Qubadlı rayonunun Xanlıq kəndində hərbi istehkamın, hərbi bazanın qurulması da bir daha sübut etdi. Yaxşı məlumdur ki, rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

Qubadlının azad olunması üçün həyata keçirilən əməliyyat hələ uzun illər öyrəniləcək. Bu gün əminliklə deyə bilərik ki, 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Bəli, qürurla söyləyə bilirik ki, Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Bu gün Qubadlının adı dövlət təltiflərində də yaşadılır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bu gün qürurverici haldır ki, Qubadlı yeni inkişaf dövrünü yaşayır. Görülmüş işlər onu deməyə əsas verir ki, Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Ən önəmlisi isə odur ki, baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.

Bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.

Dördzolaqlı yol inşa olunub ki, bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır.

2020-ci il yaddaşlara təkcə Qubadlının azad olunması ilə deyil, həm də həmin torpaqlara edilən səfərlərlə yadda qaldı. 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaltdı. Bir daha şahidi olduq ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 25.10.2021-ci il tarixli səfəri isə Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, “Qubadlı” yarımstansiyasının, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı və Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə olan görüşlə yadda qaldı.

Bəli, bu gün artıq Qubadlı 27 ildən sonra azaddır. Tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq. Azad olunmuş digər yerlərimiz kimi Qubadlıda da tikinti-quruculuq işləri davam etdirilməkdədir. Hər birimiz, ən əsası da qubadlılar əmindir ki, tezliklə Qubadlının firavan, abad gələcəyini qanları, canları bahasına qazanan igid qəhrəmanlarımızın ruhları da görüb sevinəcək. O gün isə elə də uzaqda deyil.

GOYEZEN.AZ 



Facebook-da paylaş