• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşlar qəbul ediliblər


Bu gün cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə vətəndaşlara olan qayğısı, diqqəti bütün sahələrdə real əksini tapır. Ən əsası isə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Bu gün Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 279 nəfər vətəndaş qəbul edilib. Onlardan 119 nəfərin müraciəti müsbət həll olunub, 160 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 87 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 46 nəfərin istəyi müsbət həll edilib, 41 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 134 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 42 nəfərin istəyi müsbət həll edilib, 92 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 6 nəfər vətəndaş müraciət edib. Vətəndaşların işlə təmin olunma, fəxri adın verilməsi, dərs saatının azlığı ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına 1 nəfər Vətən müharibəsi şəhidinin ailəsi rabitə naqilinin verilməsi ilə bağlı müraciət edib ki, onun istəyi müsbət həllini tapıb. 

Qazax Suvarma Sistemləri İdarəsinə həftə ərzində müraciət edən 3 nəfər vətəndaşın Çaylı kəndindəki subartezian quyusunda suyun azalması ilə bağlı müraciətinə qanunamüvafiq qaydada izahat verilib. 

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 7 nəfər vətəndaşdan 6 nəfərin su sayğacı ilə bağlı məsələsi müsbət həll edilib, 1 nəfərin köhnə borcun silinməsi ilə bağlı istəyi isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində subsidiyanın köçməməsi barədə 5 nəfər vətəndaşın müraciəti dinlənilərək onlara qanunamüvafiq izahat verilib. Vətəndaşlara ƏMDX-nin elektron bazasından alınan məlumatla dövlət aktında olan məlumat arasında fərq olduğu üçün torpaq sənədi araşdırılaraq subsidiyanın mərhələli şəkildə köçürüləcəyi bildirilib.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində 10 nəfər vətəndaş müayinə və xəstəlikə bağlı müraciət edib ki, istəkləri təmin olunub.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 19 nəfər vətəndaş müraciət edib. Onlardan 8 nəfər xəstəliklə, 2 nəfər arayışla, 1 nəfər imtiyazlı qrupa aid dərmanlarla, 6 nəfər işə qəbulla, 2 nəfər isə xəstəxana ilə əməkdaşlıqla bağlı müraciət etdiyini bildirib. 13 nəfərin müraciəti yerində həll edilib, 6 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə sayğacın yoxlanılması, yerinin dəyişdirilməsi, qaz xəttinin təmiri, debitor borc barədə 7 nəfər vətəndaş müraciət edib. Onlardan 1 nəfərin müraciəti müsbət həllini tapıb, 6 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş