• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3197 nəfər yararlanıb


Bu gün ölkə hüdudlarından kənarda da brendə çevrilən, vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanıb. Bütün dünyada kifayət qədər tanınan və öyrənilən, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti ilə seçilən "ASAN xidmət”inbaşlıca prinsiplərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. 

Hər il olduğu kimi, bu il də Qazax rayon sakinləri "ASAN xidmət”in fəaliyyətindən növbəti dəfə yararlanıblar.

28 oktyabr-26 noyabr 2021-ci il tarixlərində rayonumuzda olan Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub. 30 gün müddətində texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin qarşısı) səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də razı qalıblar.

Avtobus fəaliyyətə başladığı andan son günə kimi 3507 nəfər vətəndaş müraciət edib. Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri tərəfindən göstərilən xidmətlərdən 3197 nəfər yararlanıb.

Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxil edilib.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar.

Məlumat üçün onu da qeyd edək ki, Səyyar "ASAN xidmət" avtobusu Qazaxda bu günə kimi 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun 2021-ci il (30 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.

GOYEZEN.AZ



Facebook-da paylaş