• Təqvim

  • Maraq



Azərbaycan xalqı bir yumruq kimi birləşdi


Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirməklə dövlət statusu qazanan Ermənistana nəhayət ki, yerini göstərmək mümkün oldu. İşğalın davam etdiyi son 30 ildə "məğlubedilməz ordu” mifi yaratmış Ermənistan müharibənin rəmzinə çevrilmiş "Dəmir yumruq”la qısa müddətdə şanlı Azərbaycan əsgərinin qarşısında diz çökdü, pərən-pərən oldu, keçilməz istehkamlar darmadağın oldu. BMT-nin 4 qətnaməsinə məhəl qoymayan, bəlli dövlətlər tərəfindən himayə edilərək işğalı sürdürən Ermənistan qarşımızda ağ bayraq qaldırmağa məcbur oldu.

Bəli, bütün tarixi dövrlərdə və mühariblərdə olduğu kimi, Qarabağ zəfərinin də lokomativi Şanlı Ordumuz, əsgər və zabitlərimiz, memarı zaman və məkan seçimini, beynəlxalq aləmdəki real durumu düzgün qiymətləndirən, etibarlı müttəfiqlər qazanan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev oldu. Vətən müharibəsində cənab Prezident həm sərkərdə olub döyüş tapşırıqları verdi, həm də diplomatik və informasiya cəbhəsində sözün həqiqi mənasında axına qarşı savaşdı.

Azərbaycan əsgərləri döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdilər. Eyni zamanda, Vətən müharibəsi göstərdi ki, xalqımız onu ümdə arzularına qovuşduran Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu. İlham Əliyevin yenilməz qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında səfərbər olması Vətən müharibəsində Azərbaycanın Qələbəsini təmin etdi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular.

Ali Baş Komandanın müharibə dövründə xalqa müraciətlərindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Komandanın "Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. "Dəmir yumruq” Müzəffər Ali Baş Komandanın müdrikliyinin və uzaqgörənliyinin, zəka və bacarığının, habelə iradə, qətiyyət və mənəvi gücünün göstəricisidir! Daha bir vacib məqam isə yumruğun ustalıqla işlədilməsi, düşmənin kəlləsinə zamanında və dəqiqliklə çırpılmasıdır!

Yumruq sahibi dəmir yumruğunun gücünü və hikmətini xalqa belə açıqlayıb: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”.

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan Lider var. O Lider xalqının taleyüklü məsələsinin həllində xilaskarlıq missiyasını üzərinə götürüb cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı

Qarabağı "Dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.

Elçin İSMAYIL,
"Göyəzən” qəzetinin baş redaktoru,
"Tərəqqi” medalı və "Qızıl qələm” mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.



Facebook-da paylaş