• Təqvim

  • Maraq



“Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı təlim keçirilib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə "Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində "Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı silsilə təlimlər təşkil edir. Respublikanın bütün rayon və şəhərlərini əhatə edən onlayn təlimlərin keçirilməsi uğurla davam etdirilir. .

İyulun 24-də Qazax, Ağstafa və Şəmkir rayonlarının İcra Hakimiyyəti işçilərinin, bələdiyyə sədrlərinin və icra nümayəndələrinin birgə iştirakı ilə onlayn təlim keçirilib. Təlimlərə Gender Məsələləri üzrə məsul şəxslər - İcra Hakimiyyəti başçılarının İctimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, İcra Hakimiyyətlərinin şöbə müdirləri və digər əməkdaşları, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri qatılıblar.

Təlimdə Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva, RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, şəhər və kənd bələdiyyə sədrləri, üzvləri iştirak ediblər.

Təlimləri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova açaraq, dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, layihələr, bu sahədə mövcud qanunvericilik aktları və s. haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək son dövrün aktual problemləri olan erkən nikahların, boşanmaların və məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində gender məsələləri üzrə məsul şəxslərin, bələdiyyələrin və ərazi icra nümayəndəliklərinin üzrərinə düşən vəzifələrdən bəhs edib, bələdiyyələrdə pilot layihə olaraq Gender Komissiyalarının yaradılması və mahiyyəti haqqında ətraflı məlumat verib.

Təlimlərdə ekspert Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, "Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün Praktiki Tövsiyələr”in müəlliflərindən biri Nigar Səfərova iştirakçıları gender məsələlərinin təhlili, yerli hakimiyyət orqanlarının fəaliyyət planlarına gender bərabərliyinin daxil edilməsinin "SWOT” təhlili, yanaşma və strategiyası, gender həssas göstəricilər və s. mövzular haqqında ətraflı məlumatlandırıb.

Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva, RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, şəhər bələdiyyəsinin üzvü Yeganə Göyüşlü gender məsələləri ilə bağlı rayonda həyata keçirilən tədbirlər, görülən işlər haqqında ətraflı məlumat veriblər. Rayonda erkən nikahlara, boşanmalara, məişət zorakılığına, narkomaniyaya və dini radikalizmə qarşı maarifləndirmə tədbirlərindən danışıblar.

Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.






 

GOYEZEN.AZ 



Facebook-da paylaş