Qazaxda Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib
Bu gün Qazaxda Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif
Əmirovun təşəbbüsü ilə Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar videokonfrans
keçirilib. Videokonfransda Azərbaycan Respublikasının Xalq artisti Mənsum
İbrahimov, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev,
Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət
Şurasının üzvləri, təhsil işçiləri və gənclər iştirak ediblər.
Deputat köməkçisi Akif Əmirov giriş sözü ilə çıxış edərək bütün konfrans
iştirakçılarını salamlayıb, təşkil olunan konfransın əhəmiyyətindən danışıb. Ağdam
rayonunun düşmən tərəfindən işğalından 27 il ötdüyünü bildirən A.Əmirov hər il Ağdamın işğalının ildönümünü qeyd etməyin
olduqca ağır olduğunu bildirib. Qeyd edib ki, 27 il əvvəl - 1993-cü il iyulun 23-də Ermənistan
silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri
Ağdamı və onun kəndlərini işğal etdilər. Nəticədə, 1154 kvadratkilometr ərazisi,
işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi
və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 minə yaxın əhali
(onlardan 50 min nəfərdən çoxu məcburi köçkündür) yaşayır. Ağdam şəhəri və 123
kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır (rayonun 80 faizə
qədər hissəsi). Hazırda Ağdam rayonunun 200 mindən çox olan əhalisinin 3/2 hissəsi
Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır. Ağdamın
müdafiəsi uğrunda 5 ildən artıq gedən döyüşlərdə 5897 nəfər şəhid oldu, 3531 nəfər
yaralandı və əlil oldu.
Deputat köməkçisi Tovuz
hadisələrindən, Ordumuzun qazandığı qələbədən, düşmənə vurulan sarsıdıcı
zərbədən də danışıb. Bu döyüş nəticəsində ölkəmizdə xalq-dövlət, xalq-ordu
birliyinin də nümayiş olunduğunu diqqətə çatdırıb. Bu birliyi, həmrəyliyi
izləməyin hər bir azərbaycanlı üçün qürurverici hiss olduğunu qeyd edib.
Xalq artisti Mənsum İbrahimov çıxış
edərək doğma el-obasını unutmadığını söyləyib. M.İbrahimov həyatda iki tarixi
unutmadığını qeyd edib. "Mən həyatımda iki tarixi unuda bilmərəm. Türkiyədə
idim. Qəfildən radioda dedilər ki, Şuşa ermənilər tərəfindən işğal olunub. Yalnız
həmin məqama qayıtmaq lazımdır ki, mənim necə bir vəziyyətə düşdüyümü
anlayasınız. İkinci tarix isə Ağdamın işğal günü idi. Bu, millətin oxuyan səsi,
qəlbi, ruhlar şəhəri idi. Heç kim inanmırdı ki, Ağdam işğal oluna bilər. Dayaq
nöqtəsi idi. Oranın işğalı ilə insanların qəlbindəki ruhu qırıldı. Ad günümü
həmişə Ağdamda məcburi köçkünlərlə, əsgərlərlə birgə keçirirəm”, - deyə
bildirib.
Xalq artisti ermənilərin heç bir
mənəvi dəyərlərinin olmadığını qeyd edərək mənfur düşmənlər tərəfindən bizim
milli mənəvi dəyərlərimizi mənimsədiklərini vurğulayıb. Ağdamın böyük
mədəniyyət mərkəzi, böyük alimlər, şairlər, idmançılar, sənətkarlar yetişdirdiyini
bildirərək Ağdamın işğalının, Qarabağın işğalının Azərbaycana çox ziyan vurduğunu,
bunun tək maddi ziyan yox, həm də mənəvi ziyan olduğunu qeyd edib. "Ağdamın
işğalı mədəniyyətimizə çox böyük ziyan vurdu. Qarabağda Xan qızı Natavanın, Xan
Şuşinski, Rəşid Behbudovun, Pənah Xanın, Bülbülün, Üzeyir Hacıbəyovun ruhları
narahatdır. Onlar o vaxt rahat olacaq ki, Qarabağ işğaldan azad olunacaq”. M.İbrahimov
Tovuz hadisələri zamanı xalqımızın ordumuza dəstək yürüşünü qeyd edərək xalq-dövlət
birliyinin bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, bu yürüş göstərdi
ki, gəncliyimiz laqeyd deyil, insanlar qələbə əzmi ilə yaşayırlar. Daha sonra
”Qarabağ şikəstəsi” ifa edən Xalq artisti bu muğamı Qarabağda oxumaq istədiyini
söyləyib. Konfransın təşkilinə və bu konfransa dəvət olunduğuna görə deputat
köməkçisi Akif Əmirova minnətdarlığını bildirib.
Konfrans iştirakçılarından Qaratel
Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, Qazax Uşaq-Gənclər
İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri,
Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva,
Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev, Mehdi Hüseyn
adına məktəb liseyin direktoru Tahirə Comərdova çıxış edərək Ağdamın işğalının Azərbaycan
xalqı üçün çox ağır olduğunu qeyd ediblər. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Ağdamın və digər rayonlarımızın işğaldan azad olunacağını və qələbə gününə
toplaşacaqlarını bildiriblər. Bu gün
məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusunun tеzliklə doğma
yurda qayıtmaq olduğunu vurğulayıblar. Qeyd ediblər ki, hər bir ağdamlı əmindir
ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən
ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində, o cümlədən
işğaldan azad olunacaq Ağdamda dalğalanacaq.
Gənclərdən Ülvi Zeynalov
çıxış edərək gənclərimizin Ali Baş Komandanın ətrafında sıx birləşdiyini bildirib və bunun
bariz nümunəsi olaraq iyul yürüşünü göstərib. Hər zaman döyüşə hazır
olduqlarını və cənab Prezidentin "İrəli!” əmrini gözlədiklərini qeyd edib.
Sonda deputat köməkçisi
A.Əmirov konfrans iştirakçılarına təşəkkür edərək gənclərə sosial şəbəkələrdə
daha fəal olmağı, ölkəmizi Azərbaycanın adına layiq şəkildə təmsil etməyi, tək
döyüş meydanında deyil, söz meydanında da qalib gəlməyi bacarmalı olduqlarını
bildirib və bu sahədə aktiv olmağı tövsiyə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş