Qazaxda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn videokonfrans keçirilib
İyunun 24-də Qazaxda Milli Məclisin deputatı Səməd
Seyidovun köməkçisi Akif Əmirovun təşəbbüsü, Asan Könüllüləri Təşkilatı, Yeni
Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Gənclər Birliyinin, Rayon
Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 26 İyun –
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş onlayn
videokonfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar
Xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi, qazi Natiq Mehdiyevin, fəal
gənclərin və "Gənc Könüllülər”in iştirakı ilə baş tutan
videokonfransda xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 26 İyun - Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Günü haqqında söhbət açılıb.
Deputat köməkçisi Akif Əmirov
videokonfransı giriş sözü ilə açaraq Milli Məclisin deputatı Səməd Seyidovun
adından iştirakçıları salamlayıb və 26 İyun – Azərbaycan Respublikasının
Silahlı Qüvvələri Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Deputat köməkçisi Silahlı Qüvvələr
Gününün tarixiləşməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı
olduğunu, Ulu Öndərin 22 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, artıq 22
ildir ki, 26 İyun - Silahlı Qüvvələr Gününün Azərbaycanda ümumxalq bayramı kimi
qeyd edildiyini bildirib. A.Əmirov qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan
Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə-Əlahiddə
Korpus yaradıldı. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin
və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə
malik bir addım atdı.
Deputat köməkçisi ulu öndər Heydər
Əliyevin xalqın təkidi tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz
onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə
vahid komandanlığa tabe olan nizami ordu formalaşdığını da nəzərə çatdırıb. Ümummilli
lider Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasətin bu gün cənab
Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini
vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanın hər bir vətəndaşı haqlı olaraq fəxr
edə bilər ki, qüdrətli silahlı qüvvələrimiz var. Məlum Aprel döyüşləri
ordumuzun statusunu qəti olaraq təsdiq etdi. Əsgərlərimiz, zabitlərimiz,
generallarımız Ali Baş Komandanın əmri ilə istənilən döyüş vəzifəsini, ən
başlıca isə torpaqlarımızın azad olunması vəzifəsini yerinə yetirməyə hazır
olduğunu dünyaya nümayiş etdirdi. Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Azərbaycan
Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və
zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün
hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi
var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir.
Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir”. A.Əmirov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonda gənc
və yeniyetmələrin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması üçün kütləvi vətənpərvərlik
tədbirlərinin keçirilməsinə hər zaman böyük önəm verdiyini bildirib. Rayon İcra
Hakimiyyəti olaraq daim Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə 14 noyabr 2017-ci il tarixdə "Ordumuz-qürurumuz, xalqımız-dayağımız”, 13 iyun 2018-ci il tarixdə "Milli
Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik tədbirlərini
nümunə göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar
Xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi, qazi Natiq Mehdiyev çıxış edərək
bu cür vətənpərvərlik tədbirlərinin keçirilməsini və qazilərin bu tədbirlərə
dəvət olunmasını yüksək qiymətləndirib. Belə tədbirlərin onlarda böyük ruh yüksəkliyi
yaratdığını bildirib. N.Mehdiyev ölkəmizdəki xüsusi karantin rejiminə baxmayaraq
əldə olan imkanlarla Qazax gənclərinin 26 İyun - Azərbaycan Respublikasının
Silahlı Qüvvələri Gününü belə ruh yüksəkliyi ilə qeyd etməsini vətənpərvərlik
hissinin bariz nümunəsi kimi qiymətləndirib.
Asan Könüllüləri Təşkilatında Layihələrin İdarə
Olunması departamentinin rəhbəri Rza Əliyev çıxış edərək təşkilatın prioritet
sahələrindən birinin məhz vətənpərvərlik təlimlərinin olduğunu qeyd edib.
"Hərbi vətənpərvərlik düşərgəsi”, "Əsgərə məktub”, "Döyüş xatirələri” və
"Könüllülər yurdu Azərbaycan” layihələrinin reallaşdırıldığını diqqətə
çatdırıb. "Könüllülər yurdu Azərbaycan” layihəsi çərçivəsində Qazax gəncləri
və qaziləri ilə görüş keçirdiklərini və
bu cür layihələrin bundan sonra da təşkil olunacağını söyləyib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli
Şurasının katibi Azər Əliyev çıxış edərək mütəmadi olaraq Qazax gəncləri ilə
onlayn görüşlərdə olduğunu, vətənpərvərliklə bağlı bu cür tədbirlərin Qazax
rayonunda keçirilməsinin artıq bir ənənə halını aldığını bildirib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar
Nəbiyev çıxış edərək konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik
edib. Xalqımızın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 102-ci ildönümünü qeyd etdiyini vurğulayıb. Qeyd edib ki, bu gün
Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna
malikdir. Bu reallığın həyata keçirilməsində ulu öndər Heydər Əliyevin misilsiz
xidmətləri olub. Ordu quruculuğu prosesi böyük əmək və siyasi təcrübə tələb
edir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə
bu amilə böyük önəm verib, 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış
hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş
Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər
hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olmuşdu. Bu
gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu
prosesinin sürətli, dinamik tərəqqisi istiqamətində çox nəhəng və mükəmməl addımlar
atmaqdadır. 2016-cı ilin Aprel döyüşlərində əldə olunmuş Lələtəpə zəfəri, eləcə
də Cocuq Mərcanlının azad edilməsi bu həqiqətləri kifayət qədər ehtiva etməkdədir.
2018-ci ilin mayında Naxçıvanda qazanılmış Günnüt qələbəsi də əldə edilən zəfərlərin
davamı olub. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi davamlı siyasi səylər nəticəsində
Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar
orduya cəlb edilib. Keçirilmiş möhtəşəm hərbi paradlar da bunu təsdiq edir.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
direktoru İsmayıl Süleymanov 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin
yaradılmasını Azərbaycanın ordu quruculuğunda atılan mühüm addım olduğunu qeyd
edib. Azərbaycan ordusunun dünya orduları arasında fərqləndiyini vurğulayıb. Rəhbəri
olduğu qurum tərəfindən vətənpərvərlik tədbirlərinin mütəmadi olaraq keçirildiyini,
bununla yanaşı şəhid ailələrini gənclərlə birlikdə daim ziyarət etdiklərini
bildirib.
YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri
Kənan Hüseynli çıxış edərək bu cür vətənpərvərlik tədbirlərinin hər bir gənc üçün
prioritet məsələ olmasını qeyd edib. YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyi
olaraq vətənpərvərlik tədbirlərinə xüsusi önəm verdiklərini və mütəmadi olaraq
şəhid ailələrini ziyarət etdiklərini qeyd edib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə
şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva konfrans
iştirakçılarını salamlayaraq əlamətdar gün münasibətilə başda Ali Baş Komandan
olmaqla, əsgər və zabitlərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüdüyünü və bunun bariz nümunəsi
olaraq şəhidlərimizin əksəriyyətinin gənclər olduğu fikrini səsləndirib.
Gənclərdən Fəridə İsgəndərova, Ülvi Zeynalov, Səadət
Nuruşova Azərbaycan gənclərinin hər zaman vətənpərvər ruhda olduqlarını
söyləyiblər. Aprel döyüşlərində gənclərimizin könüllü olaraq ordu sıralarına
qatılmaq istəmələrini də bunun bariz nümunəsi olaraq göstəriblər. Konfransın
təşkilatçılarına təşəkkür edən gənclər bu cür görüşlərin daha çox keçirilməsini
istəyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş