“Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində Qazax gəncləri ilə Qarabağ qazilərinin görüşü keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun, "ASAN xidmət” və "Asan Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə "Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində Qazax gəncləri ilə Qarabağ qazilərinin görüşü keçirilib.
Dekabrın 1-də Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, "Asan Könüllüləri” Təşkilatında Layihələrin İdarə Olunması Departamentinin rəhbəri Nicat Rəşidov, həmin departamentin əməkdaşı Rza Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin baş mütəxəssisləri Fərhad İbadlı və Vüsal Hüseynli, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr əvəzi Xasay Balayev, gənc fəal Akif Əmirov, rayonda təhsil alan və çalışan fəal gənclər, Qarabağ qaziləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, Qazaxda bu cür görüşlərin keçirilməsini yüksək qiymətləndirib. Qazaxda Qarabağ müharibəsi əlillərinin və veteranlarının hər zaman dövlətə, dövlətçiliyə sadiqlik nümayiş etdirdiyini qeyd edərək rayonda vətənpərvərlik mövzulu tədbirlərin keçirilməsinin bir ənənəyə çevrildiyini qeyd edib. Bu gün Qarabağ qazilərinin öz sağlamlıqlarını itirmələrinə baxmayaraq onlarda ordumuzda olan şücaətin, torpağa sevginin, bağlılığın, döyüşə hazırlıq səviyyəsinin, düşməni hər an məhv etmək istəyinin hər zaman yüksək səviyyədə olduğunu bildirib. Onlarda olan Vətən sevgisinin hər bir vətəndaşda qürur və fəxarət hissi doğurduğunu, gənclərə nümunə olduğunu diqqətə çatdırıb. Sonda Azərbaycan Respublikasının Gənclər Fondunun və "Asan Könüllüləri” Təşkilatının əməkdaşlarına bu cür layihələrin keçirilməsinə görə rayon rəhbərliyi adından bir daha təşəkkür edib.
Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, fəal gənc Akif Əmirov, AQMƏVŞA İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr əvəzi Xasay Balayev, birliyin üzvləri Namıq Alıyev, Nüsrət Musayev və Hüseyn Yunisov çıxış edərək dövlətimizin və dövlət başçısının bu gün müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıblar. Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini arzulayan çıxışçılar bugünkü tədbirin gənc nəslin, məktəblilərin vətənpərvərlik hislərinə müsbət təsir göstərdiyini bildiriblər. Gənclərin və Qarabağ qazilərinin birgə iştirakı ilə görüşlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını çatdırıblar.
Görüşdə iştirak edən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimləri Qətibə Tamoyeva, Aliyə Həsənova və Kollecin tələbəsi Nurəddin Abbasov çıxış edərək Qarabağ qaziləri ilə geniş söhbət edib və tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş