Qazaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans təşkil olunub
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans təşkil olunub.
"Zoom” platforması üzərindən onlayn formatda keçirilən konfransda könüllülər və aktiv gənclər iştirak ediblər.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. İ.Süleymanov bildirib ki, Qurtuluş Günü bizim üçün sadəcə təqvimdə bayram günü deyil, bu böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, xalqına arxalanan və xalqına dayaq olan görkəmli dövlət xadimi Heydər Əliyevdir.
Daha sonra çıxış edən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətin başlıca qayəsinin Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olduğunu vurğulayıb. Bu gün Respublika Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparmasını qeyd edib.
Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Fədail Paşayev, Nübar Məhərrəmova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Məleykə Rüstəmova və İlahə Yusifova isə çıxışlarında Heydər Əliyevin siyasi kursunda gənclərə böyük önəm verildiyini vurğulayıblar. Gənclər bir çox vacib problemlərin həllində gənclərin rolunun artırılmasına, ölkənin gələcək inkişafında onların iştirakını təmin edilməsi məqsədilə görülən işlərə diqqət çəkiblər.
Konfrans öz işini mövzu ətrafında geniş müzakirələrlə davam etdirib.
GOYEZEN.AZ
Facebook-da paylaş