Əsas Səhifə > Rəsmi > Qazaxda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn videokonfrans keçirilib

Qazaxda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn videokonfrans keçirilib


25-06-2020, 19:37


İyunun 24-də Qazaxda Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun təşəbbüsü, Asan Könüllüləri Təşkilatı, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Gənclər Birliyinin, Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş onlayn videokonfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar Xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi, qazi Natiq Mehdiyevin, fəal gənclərin və "Gənc Könüllülər”in iştirakı ilə baş tutan videokonfransda xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında söhbət açılıb.

 

Deputat köməkçisi Akif Əmirov videokonfransı giriş sözü ilə açaraq Milli Məclisin deputatı Səməd Seyidovun adından iştirakçıları salamlayıb və 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə səmimi təbriklərini çatdırıb.

Deputat köməkçisi Silahlı Qüvvələr Gününün tarixiləşməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin 22 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, artıq 22 ildir ki, 26 İyun - Silahlı Qüvvələr Gününün Azərbaycanda ümumxalq bayramı kimi qeyd edildiyini bildirib. A.Əmirov qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə-Əlahiddə Korpus yaradıldı. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atdı.

 

Deputat köməkçisi ulu öndər Heydər Əliyevin xalqın təkidi tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdığını da nəzərə çatdırıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasətin bu gün cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanın hər bir vətəndaşı haqlı olaraq fəxr edə bilər ki, qüdrətli silahlı qüvvələrimiz var. Məlum Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi. Əsgərlərimiz, zabitlərimiz, generallarımız Ali Baş Komandanın əmri ilə istənilən döyüş vəzifəsini, ən başlıca isə torpaqlarımızın azad olunması vəzifəsini yerinə yetirməyə hazır olduğunu dünyaya nümayiş etdirdi. Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir”.


A.Əmirov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonda gənc və yeniyetmələrin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması üçün kütləvi vətənpərvərlik tədbirlərinin keçirilməsinə hər zaman böyük önəm verdiyini bildirib. Rayon İcra Hakimiyyəti olaraq daim Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 14 noyabr 2017-ci il tarixdə "Ordumuz-qürurumuz, xalqımız-dayağımız”, 13 iyun 2018-ci il tarixdə "Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik tədbirlərini nümunə göstərib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar Xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi, qazi Natiq Mehdiyev çıxış edərək bu cür vətənpərvərlik tədbirlərinin keçirilməsini və qazilərin bu tədbirlərə dəvət olunmasını yüksək qiymətləndirib. Belə tədbirlərin onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib. N.Mehdiyev ölkəmizdəki xüsusi karantin rejiminə baxmayaraq əldə olan imkanlarla Qazax gənclərinin 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü belə ruh yüksəkliyi ilə qeyd etməsini vətənpərvərlik hissinin bariz nümunəsi kimi qiymətləndirib.

 

Asan Könüllüləri Təşkilatında Layihələrin İdarə Olunması departamentinin rəhbəri Rza Əliyev çıxış edərək təşkilatın prioritet sahələrindən birinin məhz vətənpərvərlik təlimlərinin olduğunu qeyd edib. "Hərbi vətənpərvərlik düşərgəsi”, "Əsgərə məktub”, "Döyüş xatirələri” və "Könüllülər yurdu Azərbaycan” layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb. "Könüllülər yurdu Azərbaycan” layihəsi çərçivəsində Qazax gəncləri və qaziləri ilə görüş keçirdiklərini və bu cür layihələrin bundan sonra da təşkil olunacağını söyləyib.


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının katibi Azər Əliyev çıxış edərək mütəmadi olaraq Qazax gəncləri ilə onlayn görüşlərdə olduğunu, vətənpərvərliklə bağlı bu cür tədbirlərin Qazax rayonunda keçirilməsinin artıq bir ənənə halını aldığını bildirib.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Xalqımızın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümünü qeyd etdiyini vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdir. Bu reallığın həyata keçirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ordu quruculuğu prosesi böyük əmək və siyasi təcrübə tələb edir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə bu amilə böyük önəm verib, 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olmuşdu. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu prosesinin sürətli, dinamik tərəqqisi istiqamətində çox nəhəng və mükəmməl addımlar atmaqdadır. 2016-cı ilin Aprel döyüşlərində əldə olunmuş Lələtəpə zəfəri, eləcə də Cocuq Mərcanlının azad edilməsi bu həqiqətləri kifayət qədər ehtiva etməkdədir. 2018-ci ilin mayında Naxçıvanda qazanılmış Günnüt qələbəsi də əldə edilən zəfərlərin davamı olub. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi davamlı siyasi səylər nəticəsində Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Keçirilmiş möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. 

 

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin yaradılmasını Azərbaycanın ordu quruculuğunda atılan mühüm addım olduğunu qeyd edib. Azərbaycan ordusunun dünya orduları arasında fərqləndiyini vurğulayıb. Rəhbəri olduğu qurum tərəfindən vətənpərvərlik tədbirlərinin mütəmadi olaraq keçirildiyini, bununla yanaşı şəhid ailələrini gənclərlə birlikdə daim ziyarət etdiklərini bildirib.

 

YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli çıxış edərək bu cür vətənpərvərlik tədbirlərinin hər bir gənc üçün prioritet məsələ olmasını qeyd edib. YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyi olaraq vətənpərvərlik tədbirlərinə xüsusi önəm verdiklərini və mütəmadi olaraq şəhid ailələrini ziyarət etdiklərini qeyd edib.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva konfrans iştirakçılarını salamlayaraq əlamətdar gün münasibətilə başda Ali Baş Komandan olmaqla, əsgər və zabitlərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüdüyünü və bunun bariz nümunəsi olaraq şəhidlərimizin əksəriyyətinin gənclər olduğu fikrini səsləndirib.

 

Gənclərdən Fəridə İsgəndərova, Ülvi Zeynalov, Səadət Nuruşova Azərbaycan gənclərinin hər zaman vətənpərvər ruhda olduqlarını söyləyiblər. Aprel döyüşlərində gənclərimizin könüllü olaraq ordu sıralarına qatılmaq istəmələrini də bunun bariz nümunəsi olaraq göstəriblər. Konfransın təşkilatçılarına təşəkkür edən gənclər bu cür görüşlərin daha çox keçirilməsini istəyiblər.


 

GOYEZEN.AZ


Geri qayıt