Əsas Səhifə > Rəsmi > Qazaxda Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib

Qazaxda Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib


23-07-2020, 23:56


Bu gün Qazaxda Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun təşəbbüsü ilə Ağdam rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib. Videokonfransda Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, təhsil işçiləri və gənclər iştirak ediblər.

 

Deputat köməkçisi Akif Əmirov giriş sözü ilə çıxış edərək bütün konfrans iştirakçılarını salamlayıb, təşkil olunan konfransın əhəmiyyətindən danışıb. Ağdam rayonunun düşmən tərəfindən işğalından 27 il ötdüyünü bildirən A.Əmirov hər il Ağdamın işğalının ildönümünü qeyd etməyin olduqca ağır olduğunu bildirib. Qeyd edib ki, 27 il əvvəl - 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Ağdamı və onun kəndlərini işğal etdilər. Nəticədə, 1154 kvadratkilometr ərazisi, işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 minə yaxın əhali (onlardan 50 min nəfərdən çoxu məcburi köçkündür) yaşayır. Ağdam şəhəri və 123 kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır (rayonun 80 faizə qədər hissəsi). Hazırda Ağdam rayonunun 200 mindən çox olan əhalisinin 3/2 hissəsi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən döyüşlərdə 5897 nəfər şəhid oldu, 3531 nəfər yaralandı və əlil oldu.

 

Deputat köməkçisi Tovuz hadisələrindən, Ordumuzun qazandığı qələbədən, düşmənə vurulan sarsıdıcı zərbədən də danışıb. Bu döyüş nəticəsində ölkəmizdə xalq-dövlət, xalq-ordu birliyinin də nümayiş olunduğunu diqqətə çatdırıb. Bu birliyi, həmrəyliyi izləməyin hər bir azərbaycanlı üçün qürurverici hiss olduğunu qeyd edib.

 

Xalq artisti Mənsum İbrahimov çıxış edərək doğma el-obasını unutmadığını söyləyib. M.İbrahimov həyatda iki tarixi unutmadığını qeyd edib. "Mən həyatımda iki tarixi unuda bilmərəm. Türkiyədə idim. Qəfildən radioda dedilər ki, Şuşa ermənilər tərəfindən işğal olunub. Yalnız həmin məqama qayıtmaq lazımdır ki, mənim necə bir vəziyyətə düşdüyümü anlayasınız. İkinci tarix isə Ağdamın işğal günü idi. Bu, millətin oxuyan səsi, qəlbi, ruhlar şəhəri idi. Heç kim inanmırdı ki, Ağdam işğal oluna bilər. Dayaq nöqtəsi idi. Oranın işğalı ilə insanların qəlbindəki ruhu qırıldı. Ad günümü həmişə Ağdamda məcburi köçkünlərlə, əsgərlərlə birgə keçirirəm”, - deyə bildirib.

 

Xalq artisti ermənilərin heç bir mənəvi dəyərlərinin olmadığını qeyd edərək mənfur düşmənlər tərəfindən bizim milli mənəvi dəyərlərimizi mənimsədiklərini vurğulayıb. Ağdamın böyük mədəniyyət mərkəzi, böyük alimlər, şairlər, idmançılar, sənətkarlar yetişdirdiyini bildirərək Ağdamın işğalının, Qarabağın işğalının Azərbaycana çox ziyan vurduğunu, bunun tək maddi ziyan yox, həm də mənəvi ziyan olduğunu qeyd edib. "Ağdamın işğalı mədəniyyətimizə çox böyük ziyan vurdu. Qarabağda Xan qızı Natavanın, Xan Şuşinski, Rəşid Behbudovun, Pənah Xanın, Bülbülün, Üzeyir Hacıbəyovun ruhları narahatdır. Onlar o vaxt rahat olacaq ki, Qarabağ işğaldan azad olunacaq”. M.İbrahimov Tovuz hadisələri zamanı xalqımızın ordumuza dəstək yürüşünü qeyd edərək xalq-dövlət birliyinin bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, bu yürüş göstərdi ki, gəncliyimiz laqeyd deyil, insanlar qələbə əzmi ilə yaşayırlar. Daha sonra ”Qarabağ şikəstəsi” ifa edən Xalq artisti bu muğamı Qarabağda oxumaq istədiyini söyləyib. Konfransın təşkilinə və bu konfransa dəvət olunduğuna görə deputat köməkçisi Akif Əmirova minnətdarlığını bildirib.

Konfrans iştirakçılarından Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev, Mehdi Hüseyn adına məktəb liseyin direktoru Tahirə Comərdova çıxış edərək Ağdamın işğalının Azərbaycan xalqı üçün çox ağır olduğunu qeyd ediblər. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ağdamın və digər rayonlarımızın işğaldan azad olunacağını və qələbə gününə toplaşacaqlarını bildiriblər. Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusunun tеzliklə doğma yurda qayıtmaq olduğunu vurğulayıblar. Qeyd ediblər ki, hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində, o cümlədən işğaldan azad olunacaq Ağdamda dalğalanacaq.

Gənclərdən Ülvi Zeynalov çıxış edərək gənclərimizin Ali Baş Komandanın ətrafında sıx birləşdiyini bildirib və bunun bariz nümunəsi olaraq iyul yürüşünü göstərib. Hər zaman döyüşə hazır olduqlarını və cənab Prezidentin "İrəli!” əmrini gözlədiklərini qeyd edib.

Sonda deputat köməkçisi A.Əmirov konfrans iştirakçılarına təşəkkür edərək gənclərə sosial şəbəkələrdə daha fəal olmağı, ölkəmizi Azərbaycanın adına layiq şəkildə təmsil etməyi, tək döyüş meydanında deyil, söz meydanında da qalib gəlməyi bacarmalı olduqlarını bildirib və bu sahədə aktiv olmağı tövsiyə edib.

 

 

GOYEZEN.AZ


Geri qayıt