Səyyar “ASAN qatar”ın əməkdaşları Qazaxda 1086 nəfərə xidmət göstərib
Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” qısa bir müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət olunmasıdır. Daha rahat, yeni və innovativ üsullarla əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.
Qazax rayon sakinləri həmişə olduğu kimi, bu dəfə də ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ın xidmətindən yararlanıb. Belə ki, iyunun 10-dan 25-dək Səyyar "ASAN qatar” beşinci dəfə Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərib. Müraciət etmiş 1136 nəfərdən 1086 nəfəri göstərilən xidmətlərdən yararlanıb.
16 gün müddətində 3 vaqondan ibarət qatarda səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilib.
Səyyar "ASAN qatar” vasitəsilə səyyar formada göstərilən xidmətlər Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqqlarının qəbulu) olub.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”inin də iştirak etdiyi Səyyar "ASAN qatar” xidmətinin həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir. Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidmət müraciət etmiş rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilib. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən"ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş