Qazaxda Səyyar “ASAN qatar”ın xidmətindən 6871 nəfər yararlanıb
Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət olunmasıdır. Daha rahat, yeni və innovativ üsullarla əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.
Qazax rayon sakinləri həmişə olduğu kimi, bu dəfə də ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ın xidmətindən yararlanıb. Belə ki, sentyabrın 2-dən oktyabr ayının 1-dək Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərib. Müraciət etmiş 7197 nəfərdən 6871 nəfəri göstərilən xidmətlərdən yararlanıb.
30 gün müddətində 3 vaqondan ibarət qatarda səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub. Sakinlərə səyyar formada göstərilən xidmətlər - torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti olub.
GOYEZEN.AZ
Facebook-da paylaş