• Təqvim

  • Maraq



“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Siyasi, ideoloji və coğrafi bütövləşməmizin müəllifi” mövzusunda mühazirə oxunub


Martın 14-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında Respublika Prezidenti İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncama əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar “Siyasi, ideoloji və coğrafi bütövləşməmizin müəllifi” mövzusunda mühazirə oxunub.

Tədbirdə BDU-nun Qazax filialında Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qasım Əliyev, şair-publisist, BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri  Elçin İsmayıl, Mərkəzin əməkdaşları və tələbələr iştirak ediblər.


BDU-nun Qazax filialında Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qasım Əliyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və bildirib ki, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən tələbələrə mütəmadi olaraq Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumatların verilməsi təqdirəlayiqdir. Bu cür tədbirlər tələbə gənclərin müasir, müstəqil Azərbaycanın tarixinin yaradıcısı olan, xalqımızın Ümummilli Lideri Heydər Əliyev irsini mənimsəməsində, bu istiqamətdə biliklərinin dərinlşməsində mühüm əhəmiyyətə malikdir. Q.Əliyev eyni zamanda 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulmasından da danışıb. Qeyd edib ki, Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin təmin olunmasını özündə ehtiva edən mühüm müddəalar yer alıb. Azərbaycanın son 20 ildən çox müddətdə keçdiyi yol, daxili və xarici siyasətdə qazanılan uğurlar Ulu Öndər Heydər Əliyevin seçiminin nə qədər düzgün olduğunu əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev Ulu Öndərin ona bəslədiyi inamı bütünlüklə doğruldub. 2003-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlayan yolun ən böyük uğuru Qarabağ Zəfərimiz, ölkənin suverenliyinin bərpasıdır.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova “Siyasi, ideoloji və coğrafi bütövləşməmizin müəllifi” mövzusunda geniş mühazirə edib. C.Hüseynova bildirib ki, bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Müasir müstəqil dövlətçilik tariximizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu Sərəncam dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıdığı üçün ölkəmizin keçmişi, bu günü və gələcəyinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün geniş bir fürsətdir. Xalqın təkidli tələbi ilə dahi rəhbər yenidən Azərbaycanda rəhbərliyə qayıtdı, misilsiz fədakarlıqla ölkəni ictimai-siyasi pərakəndəlikdən, tənəzzüldən xilas etdi, dayanıqlı və davamlı inkişaf yolu müəyyən edərək irimiqyaslı layihələrin həyata keçirilməsinə başladı, siyasi sabitliyi təmin etdi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması işinə başladı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalardan ibarət olmaqla 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildi, noyabrın 27-də isə qüvvəyə mindi. Məhz Ulu Öndərin 1996-cı il noyabr tarixli fərmanı ilə hər il noyabrın 12-də ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başladı. 


Məhz həmin Konstitusiyanın preambluasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edildi. 2020-ci ilin payızında Vətən müharibəsindəki Zəfəri və 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Dövlət başçısı İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Beləliklə, sentyabrın 20-si Azərbaycan xalqının tarixinə hər il qürurla, iftixarla qeyd edəcəyi bayram günü kimi yazıldı. Suverenliyimizin bərpası Respublika Prezidenti İlham Əliyevin böyük siyasət meydanındakı parlaq qələbəsidir. “Heydər Əliyev İli” dövlətçilik tariximizə əbədi həkk olunaraq həm daxili arenada, həm də beynəlxalq müstəvidə əldə olunan nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına xidmət edərək real nəticələr verdi. Suverenliyimiz tam bərqərar oldu. Üçrəngli Dövlət Bayrağımız bütün Azərbaycan  ərazisində ucaldıldı. Azərbaycanın Qarabağ probleminin həllinin ideoloqu Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin bütöv görmək istədiyi Azərbaycan bu gün artıq reallığa çevrilib. Dahi şəxsiyyətin bizlərə aşıladığı Vətən sevgisi, xalqımızın öz lideri ətrafında həmrəyliyi 44 günlük Şanlı Vətən müharibəsində qələbəmizi şərtləndirdi. Bu qələbənin müəllifi isə 1993-cü ilin iyun ayının 15-də müstəqilliyimizi əbədiləşdirən, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Mühazirənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.



Facebook-da paylaş