• Təqvim

  • Maraq



Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən rəsm müsabiqəsinin qalibləri təltif olunub


Oktyabrın 11-də  Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvanın tarixinə, görkəmli, şəxsiyyətlərinə,  maddi-mədəniyyət abidələrinə həsr edilmiş rəsm müsabiqəsinin yekun mərhələsi  keçirilib. 

Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları, rəsm dərnəyinin üzvləri, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və şagirdlər, valideynlər iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Respublika Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamından irəli gələn Tədbirlər Planına uyğun olaraq təşkil edilən tədbir haqqında danışıb. C.Hüseynova bildirib ki, bəşər sivilizasiyasının ən qədim məskənlərindən olan Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni, elmi həyatında çox böyük rola malik olub. Ümummilli Lider Heydər Əliyev bu barədə demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidədir”. 

Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək bildirib ki, qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və Şərqin qapısı adlandırılan Naxçıvanın inkişafına Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev hər zaman böyük həssaslıqla yanaşıb, bu qədim diyarın tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Bu istiqamətdə bugünkü tədbirimiz təkcə rəsmlərin işlənməsində deyil, Naxçıvanın tarixi abidələrinin, görkəmli şəxsiyyətlərinin, təbiətinin, coğrafiyasının gənclərə təbliğində çox əhəmiyyətə malikdir. 

Tədbirdə iştirak edən valideyn Elnarə Quliyeva Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş rəsm müsabiqəsində iştirak edən oğlunun çox böyük həvəslə müsabiqəyə hazırlaşdığını vurğulayıb. Bildirib ki, bu müsabiqədə oğlu üç rəsm əsəri ilə iştirak edir. Hər bir rəsm işini işləyərkən araşdırmalar aparmış və geniş məlumat toplayaraq müsabiqəyə qatılmışdır.

UGİM-nin Bədii qiraət dərnəyinin üzvləri Sunar Qasımzadə, Nazlı Nəbili, Fidan Süleymanlı Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər. 

Tədbir iştirakçıları Naxçıvan MR-nın 100 illik yubileyi ilə əlaqədar diyarın zəngin təbiətini, çoxəsrlik tarixini və təkrarsız abidələrini əks etdirən rəsmlərə baxış keçiriblər. Müsabiqədə I, II, III yerlərə layiq görülən Ruhin Xasməmmədov, Anar Bənnayev, Qumaş Əlizadə və müsabiqədə fərqlənənlər – Mədinə Qasımova, Rəfiqə Yusifova, Yeganə Qocayeva, Ömər Qasımov, Vüsalə İsmayılova, İpək Vələdova, Mehdi Hüseynov, Aliyə Novruzzadə, Aidə Nəsibli, Nüşabə Təhməzli, Nuray Adıgözəlli Fəxri Fərmanlarla təltif olunublar. 



Facebook-da paylaş