• Təqvim

  • Maraq



“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” başlıqlı tədbir keçirilib


Mayın 24-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edillib. Sonra 28 May – Müstəqillik Gününə həsr olunmuş film nümayiş olunub. 


Mərkəzin baş fond mühafizi Səidə Qocayeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağı növbəti dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırılıb və bununla da müstəqilliyə gedən yolun başlanğıcı qoyulub. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı mürəkkəb və çətin bir şəraitə təsadüf etdi. Ölkədəki siyasi vəziyyət Azərbaycanın gələcəyi üçün ciddi təhlükə yaradırdı. Azərbaycanın güclü liderə ehtiyacı vardı. Müstəqil dövlətçiliyimizin həlledici bir dövründə dahi şəxsiyyətin vaxtında həyata keçirdiyi inkişaf strategiyası müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Dahi şəxsiyyətin böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edildi. 

Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin direktoru Rasimə Carçıyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Prezident İlham Əliyevin atdığı addımlardan danışıb. Bildirib ki, 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. 


Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Abdullayeva çıxış edərək bildirib ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, qüdrətli ərazi bütövlüyünü təmin   etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır.

Sonra məktəbin şagirdləri Aylin Qocalı, Aylin Qaragözlü, Qəmər Tapdıqova, Məlahət Əhmədova, Nuray Babacanova, Şamoy Çobanov, Ömər Çobanov, Həbib Əmiraslanlı, Selcan Eminalıyeva, Məqsəd Eminalıyev, Gülay Qasımlı, Kübra Vəlizadə, Arif Cəfərzadə, Nəsib Nəsibli, Əkbər Salahov, Məryəm Eminova, Elmir Əmiraslanlı, Rauf Hacalıyev, Azər Mehdiyev, Mustafa Musalı, Mətanət Vəliyeva 28 May - Müstəqillik Gününə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. 

Tədbirdə Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kəndinin igid oğlu çavuş Elməddin Nəsibovun qızı, VIII sinif şagirdi Nəzrin Nəsibova da Vətənə həsr olunmuş şeirini səsləndirib.



Facebook-da paylaş