• Təqvim

  • Maraq



Aprel döyüşlərinə həsr olunmuş “Dövlətimizin, xalqımızın və ordumuzun gücünü göstərən qələbə” başlıqlı tədbir keçirilib


Aprelin 2-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Aslanbəyli kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş “Dövlətimizin, xalqımızın və ordumuzun gücünü göstərən qələbə” başlıqlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Aprel döyüşlərini özündə əks etdirən kadrlardan ibarət videoçarx nümayiş etdirilib. 



Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək 2016-cı ilin aprelində baş verən dördgünlük müharibə haqqında geniş məlumat verib. C.Hüseynova bildirib ki, uğurlu əks-hücum zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurub, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının 2000 hektardan çox ərazisi işğaldan azad edilib. Aprel döyüşləri müasir tariximizə xalqımızın öz prezidenti ətrafında sıx birliyinin ifadəsi, eləcə də ordumuzun qüdrətinin nümunəsi kimi yazıldı. Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində 2020-ci il möhtəşəm Zəfərimizdə bir daha təsdiqləndi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkəmizdə heç vaxt qondarma erməni dövləti yaranmayacaq. 


Aslanbəyli kənd tam orta məktəbin UBTR-i Günay İsmayılova çıxış edərək Aprel döyüşlərindəki qələbəmizin dövlət, xalq və ordu birliyinin, həmrəyliyinin qələbəsi olduğunu qeyd edib. Bildirib ki, bu döyüşlər həm də Böyük Zəfərimizin və Böyük qayıdışımızın  başlanğıcı oldu. Bu gün möhtəşəm qələbəmizdən sonra işğaldan azad edilmiş doğma torpaqlarımızda yeni həyat başlanır, abadlıq-quruculuq işləri sürətlə vüsət alıb, sakinlər öz dədə-baba ocaqlarına qayıdıb, evlərin çırağını və ocağını yandırır. Bütün bunlar dövlət başçımızın apardığı uğurlu diplomatiyanın təcəssümüdür.

Tədbirdə məktəbin şagirdlərindən Nərmin Əhmədova, Nilufər Həsənoğlu, Ayan Sofuyeva, Zəhra Qəmbərova, Nəzrin İbrahimova, Aylin Nəsibli, Nurgül İsmayılova və Aysu Həsənzadə şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. 



Facebook-da paylaş