• Təqvim

  • Maraq



Qazaxda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Mart soyqırımı” mövzusunda tədbir keçirilib


Martın 29-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Mart soyqırımı” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Mərkəzin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək bildirib ki, tarixin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən qətliamlardan ən dəhşətlisi 31 mart 1918-ci ildə Bakı və bir sıra rayonlarda törədilən və bir neçə ay davam edən qanlı hadisələrdir. Məhz bu günlərdə ermənilər Bakı-Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törədib, Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda yerli əhaliyə qarşı xüsusi qəddarlıq göstərib, 50 mindən çox soydaşımızı qətliam qurbanına çeviriblər. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilk siyasi-hüquqi qiymət kimi tariximizə yazılıb. Həmin Fərmanın icrası ilə bağlı 30 mart 1999-cu ildə həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil həyata keçirilməsi ilə bağlı Ulu Öndər  tədbirlər planı təsdiq edib. Erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüsün geniş mənada icrası isə İlham Əliyevin adı ilə bağlıdır. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.


Sonra məktəbin UGİM-in rəhbəri Afaq Zeynalova çıxış edərək Azərbaycanın tarixində, hətta, dünya miqyasında ermənilərin törətdiyi bu cinayətdən danışaraq bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının əhəmiyyəti çox vacibdir. Gənclərimizin bu məlumatları dərindən dərk edib mənimsəməsi məqsədilə belə tədbirlərin keçirilməsinin çox böyük rolu vardır. 

Tədbirin sonunda 31 mart soyqırımına həsr olunmuş və tarixi kadrları özündə əks etdirən filmə baxış keçirilib.

Şagirdlərdən Zəhra Yusubova, Zəhra Əsgərli, Ayan Məmmədova, Yasəmən Əsgərli, Sevgi Zeynallının  mövzuya uyğun şeirləri və bədii kompozisiyaları nümayiş etdirilib. 



Facebook-da paylaş