Qazax Rayon Heydər Əliyev Mərkəzində “Əbədi gözəllik simvolu qadınlar” adlı tədbir keçirilib
Martın 7-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Əbədi gözəllik simvolu qadınlar” başlıqlı tədbir keçirilib.
Tədbirdə əməkdar müəllim, “Qabaqcıl təhsil işçisi” döş nişanı, “İlin ən yaxşı vətənpərvər məktəb direktoru”, 2018-ci il 2 mart tarixində Respublika Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş Səfurə Rəhimova, Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi və məsul şəxs Səadət Əliyeva, şairə Gülsənəm Cəlili və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əlyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. C.Hüseynova bildirib ki, hər il dünyada qadınlara yüksək hörmət və ehtiram əlaməti olaraq martın 8-i bayram günü kimi qeyd edilir. Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal iştirak etmiş, xalqımızın milli və ailə dəyərlərinin qoruyucusu, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı təmsilçisi olmuşdur. Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdi. Bu gün dövlət qadın siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır.
Əməkdar müəllim Səfurə Rəhimova qadınları bayram münasibətilə təbrik edib və bildirib ki, “Mən xoşbəxt insanlardanam ki, 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçkiləri zamanı DSK-nın sədri olmuşam. Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyevin 1998-ci il oktyabrın 18-də keçirilmiş andiçmə mərasiminə dəvət edilərək şəxsən iştirak etmişəm. Məhz buna görə Ulu Öndərlə bağlı xoş xatirələrimi hələ də böyük sevinc və qürurla xatırlayıram”. S.Rəhimova həmçinin, dəfələrlə Qazax rayonundan bir sıra qadınlarla birgə Qadınlar Qurultayında, Müəllimlər Qurultayında iştirakından da danışıb.
Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova çıxış edərək bildirib ki, elm, təhsil və həyatımızın digər sahələrində olduğu kimi, mədəniyyət sahəsində də Azərbaycan qadınının xüsusi yeri və önəmli xidmətləri vardır. Şərəfli, xeyirxah və məsuliyyətli peşə sahibləri olan qadın əməkdaşların zəhməti çox böyük dəyərlərə və yüksək hörmətə layiqdir.
Şairə Gülsənəm Cəlili çıxış edərək qadınları bayram münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Bildirib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi və məsul şəxs Səadət Əliyeva çıxışında vurğulayıb ki, Azərbaycan qadınları hər zaman öz zəkası, müdrikliyi, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutub. Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların böyük rolu olub. Azərbaycanın müxtəlif sahələrində inkişafına öz töhfələrini verən qadınların bir çoxunun adı ölkənin zəngin tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.
Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlova ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzisi Mehriban xanım Əliyevanın fəaliyyətindən danışıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır.
Sonra Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə tədbir iştirakçılarına hədiyyələr təqdim olunub. Bayram süfrəsi ilə tədbir sona çatıb.
Facebook-da paylaş