• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan mədəniyyətinin hamisi” mövzusunda tədbir keçirilib


Dekabrın 7-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan mədəniyyətinin hamisi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Qazax Rayon Mədəniyyət Mərkəzinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin direktor və əməkdaşları iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüb əziz xatirəsini ehtiramla anıblar.


Tədbirdə Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Sonra müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətindən, Ulu Öndərin mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən film nümayiş etdirilib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Ööndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Öz mənalı həyatını Azərbaycanın yüksəlişinə həsr etmiş, ölkəmizin hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuş Heydər Əliyev digər sahələrdə olduğu kimi, uzaqgörənliyi, mükəmməl bilik və bacarığı ilə mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuş, xalqımızın mədəni dəyərlərinin qorunmasını və inkişafını vacib məsələlərdən biri kimi hər zaman siyasi fəaliyyətinin ən vacib hissəsi hesab etmiş, mədəniyyətin inkişafına xüsusi qayğı göstərmiş, Azərbaycan mədəniyyətini ölkədə və bütün dünyada tanıtmışdır.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək xalqın və millətin formalaşmasında, dünyaya inteqrasiyasında ən mühüm amillərdən olan mədəniyyətimizin inkişaf və zənginləşdirilməsində böyük xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyətin əsl himayədarı kimi fəaliyyətindən danışıb. G.Alişanova bildirib ki, Heydər Əliyev siyasi uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə xalqımızın milli mədəniyyətinin, onun tarixi qaynaqlarının, tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün böyük işlər görüb. Eyni zamanda, mədəniyyət və incəsənətin müxtəlif sahələrini təmsil edən istedadların, sənətkarların ölkədən kənarda tanınması üçün rəhbərlik etdiyi illərdə misilsiz xidmətlər göstərib, müvafiq fərman və sərəncamlarla yubileylərin, incəsənət günlərinin, tədbirlərin keçirilməsinin təşəbbüskarı olub.


Qazax Rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova çıxış edərək bildirib ki, XX əsr Azərbaycan mədəniyyətinin tərəqqisi, inkişafı Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsidir. Azərbaycanın görkəmli sənətkarları məhz Ulu Öndərin qayğısı nəticəsində yüksək fəxri adlara layiq görülmüş, onlara dövlət mükafatları verilmiş, ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox sahələrdəki inkişaf və tərəqqi Heydər Əliyevin təşəbbüsü və diqqəti nəticəsində mümkün olmuşdur.


Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək bildirib ki, Heydər Əliyev rəssamların böyük dostu olmuşdur. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev özü də gənc yaşlarında rəssamlığa böyük həvəs göstərmiş, onun çəkdiyi rəsmlər məktəb müsabiqələrində hər zaman birinci yerə layiq görülmüşdür. Məhz Heydər Əliyevin təşəbbüsü ilə müasir tələblərə cavab verən sərgi salonlarının və emalatxanaların yaradılması, rəssamların maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün prezident təqaüdlərinin, əsərlərin satın alınması üçün qanorarların verilməsi, yeni rəssamlar nəslinin yetişdirilməsi məsələsi həmişə prioritet vəzifələrdən olmuşdur. 


Çaylı kənd Folklor Evinin müdiri, qocaman mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli özünüdərk, özünəqayıdışdan danışaraq bildirib ki, Heydər Əliyev tarixi, milli mədəniyyətimizin qorunmasında əsas istiqamətlərdən biri kimi bütün sahələr üzrə mədəniyyət sahəsinə xüsusi diqqət ayırmış, azərbaycançılıq, milli şüurun yüksəlişi, milli özünüifadə, milli mənəvi dəyərlərə sadiqlik Heydər Əliyevin idarəetmə fəlsəfəsinin ideya-siyasi istiqamətlərini təşkil edərək, xalqın, ölkənin inkişafına, tanıdılmasına, özünü təsdiq etməsinə yönəldilmiş siyasi fəaliyyətdə olmuş və əbədi dəyər qazanmışdır.


Qazax Rayon Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva dilimizin, mədəniyyətimizin, tariximizin qorunub möhkəmləndirilməsində Heydər Əliyevin  əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, mədəniyyətimiz milli-mənəvi dəyərlərə və ənənələrə əsaslanaraq məhz Ulu Öndərin rəhbərliyi dövründən indiyədək özünün yüksək inkişaf mərhələsini yaşayır. Bunun əsasında isə mədəniyyətə, mədəni irsə Heydər Əliyev qayğısı dayanır. Ulu Öndər mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində və dünya şöhrəti qazanmasında əvəzsiz xidmət göstərdi. Dahi şəxsiyyət Heydər Əliyevin dövründə Azərbaycan mədəniyyəti intibah dövrünü yaşadı.


M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin elmi işçisi Esmira Qəribova çıxış edərək bildirib ki, bu gün Prezident İlham Əliyev bütün sahələrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu uğurla davam etdirir. O cümlədən, mədəniyyət sahəsində də Heydər Əliyev siyasəti ardıcıllıqla həyata keçirilir. Bu gün Azərbaycan öz mədəni, mənəvi dəyərləri ilə uğurla inteqrasiya olunur, dünya birliyində layiqincə təmsil olunur. 



Facebook-da paylaş