Qazaxda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib
Dekabrın 1-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İnzibati təşkilat sektorunun müdiri Sahib Ələsgərov, Qazax Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov və əməkdaşları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, fəal gənclər, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ulu Öndərin gənclər siyasəti istiqamətində əvəzsiz xidmətlərinə həsr olunmuş film nümayiş etdirilib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən, gənclərlə bağlı dövlət qurumlarının yaradılmasından, bu sahənin qanunvericilik bazasının formalaşdırılmasından danışıb. Ə.Məsmalıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Dahi şəxsiyyətin gənclərlə bağlı imzaladığı bir çox sənədlər ölkəmizin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən etdi.
Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, bu gün gənc nəslin yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Ümummilli Lider gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Dahi şəxsiyyət Heydər Əliyev ölkədə gedən demokratik islahatlara həmişə diqqət yetirir, bu proseslərdə gənclərin roluna xüsusi fikir verir, müxtəlif qurumlarda, dövlət idarələrində gənclərin fəal iştirakını təmin edirdi.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Sahib Ələsgərov çıxış edərək bildirib ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Azərbaycan gəncləri ölkəmizin inkişafına mühüm töhfələr verir, qarşıya qoyulan bütün məqsədlərin yerinə yetirilməsi istiqamətində gənclərin potensialından səmərəli istifadə olunur. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir.
Qazax Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov Azərbaycanın vətənpərvər gəncləri ilə xalqımızın qürur duyduğunu qeyd edib. V.Hüseynov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz Vətən müharibəsinin ilk günündən işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxaraq tarixi qələbəyə imza atdılar, şəhidlik, qazilik zirvəsinə ucaldılar. Onlara diqqət, qayğı, həssas münasibət kimliyindən asılı olmayaraq, hər birimizin, hər bir Azərbaycan vətəndaşının borcu və vəzifəsidir.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə nailiyyətlər əldə edilib. Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə və digər sahələrdə təmsil olunur, cəmiyyətimizin inkişafına öz töhfələrini verirlər. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir və hər zaman onun ətrafında sıx birləşir.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Vəliyeva çıxış edərək bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycanda gəncliyə dövlət qayğısı gələcəyə hesablanan siyasətdir. Bu siyasət sağlam və intellektual gənc nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinə böyük inam verir.
Facebook-da paylaş