• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Zəfər nəğmələri yazılır bu gün!” başlıqlı tədbir keçirilib


Noyabrın 1-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Zəfər nəğmələri yazılır bu gün!” başlıqlı tədbir keçirilib. 

Tədbir iştirakçıları ilk olaraq 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət edib,  memorial  önünə çiçək dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar. 

Sonra Mərkəzdə təşkil edilmiş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Zəfər Günü ilə əlaqədar hazırlanmış videoçarx nümayiş etdirilib.


Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. C.Hüseynova bildirib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının sarsılmaz birliyi, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən təslim olub və 30 illik torpaq həsrətinə son qoyulub. Beləliklə, qazanılan qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. C.Hüseynova qeyd edib ki, Azərbaycan üçün çox əhəmiyyətli bir gün olan bu böyük Qələbəni Prezident İlham Əliyevin yenilməz iradə nümayiş etdirərək ardıcıl siyasət aparması nəticəsində əldə etdik. 


Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin tarix müəllimi Aygün Musayeva Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü nəticəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu, tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Vəliyeva çıxış edərək bildirib ki, bu gün qalib Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixin ən şərəfli günlərini yaşayır. Vətən  müharibəsində ordumuzun şücaəti nəticəsində azad edilmiş torpaqlarımızda infrastruktur layihələr, yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir. Ata-baba torpaqlarından didərgin düşmüş hər bir azərbaycanlı öz yurduna qayıtmağın böyük sevincini yaşayır.

Sonra məktəbin şagirdləri Aylin Musayeva, Rasimə Məmmədova, Nurtac Vəliyeva, Rəfiqə Ələkbərova, Fəridə Nəbiyeva, Aytən Quliyeva, Fatimə Həsənova, Ayşən Mahmudova, Aysun Musayeva, Aysu Vəliyeva, Nuray Qurbanlı, Ayşən Tanrıverdiyeva 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.



Facebook-da paylaş