• Təqvim

  • Maraq



Ey müzəffər ordum eşq olsun sənə, Sən öz savaşında tarix yaratdın!


XX yüzillikdə ermənilərin Azərbaycana açıq formada ərazi iddiaları milyonlarla azərbaycanlının taleyinə ağır zərbə vuraraq dəhşətli faciələrdən biri kimi dünyanın tarixinə yazılıb. 1905-1906-cı illər, 1918-1920-ci illər, 1948-1953-cü illərdə ermənilər ərazi iddiaları ilə etnik zəmində təxribatlar, terrorlar, soydaşlarımızı zorla öz yaşadıqları tarixi torpaqlardan qovmaq, deportasiya, soyqırım və qətliamlar törətmişlər.

Azərbaycana məxsus Dağlıq Qarabağı zorakılıqla Ermənistana birləşdirmək istəmişdilər. 1980-ci illərin sonlarında isə SSRİ mərkəzi hakimiyyətinin zəifləməsi ilə real məqsədyönlü fəaliyyət başlanmış, Ermənistanın müxtəlif şəhər və rayonlarından, o cümlədən öz tarixi torpaqlarımızdan azərbaycanlılar 250000-dən çox soydaşımız zorakılıqla qovulmuş, ağır işgəncələrə, əzab-əziyyətlərə məruz qalmış, bu zaman qocalara, qadınlara, uşaqlara aman verilməmiş, ağır qaçqınçılıq şəraitində minlərlə azərbaycanlı fiziki sarsıntı və mənəvi iztiraba dözməyərək həlak olmuşdur. Azərbaycana qarşı aparılan bu düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir. Çar Rusiyası zamanından etibarən ermənilər tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülüb və bununla da Azərbaycan toponimləri dəyişdirilib, tariximizə milli – mənəvi və mədəni dəyərlərimizə qarşı saxtalaşdırma, hətta, məhvetmə prosesləri başladılıb.

Kökündə rəsmi İrəvanın “dənizdən-dənizə Ermənistan” xülyası kimi sərsəm ideya dayanan bu düşmənçilik nəticəsində 1948-1956-cı illərdə öz tarixi torpaqlarımızdan 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən 300 000-ə yaxın azərbaycanlı yenə də öz tarixi və doğma torpaqlarından vəhşiliklə qovulmuş və beləliklə, Ermənistan monoetnik dövlətə çevrilmişdir. Artıq 1988-ci ildən ermənilərin sərsəm ideyası özünü 1 milyondan çox qaçqın və məcburi köçkün, şəhərlərin, kəndlərin dağıdılması, günahsız insanların ölümü şəklində biruzə verməkdə idi. Düz 30 il ərzində azərbaycanlıların həm mənəviyyatına, həm ölkənin iqtisadiyyatına, tarixinə, milli-mədəni irsinə ağır zərbə vurulmuş, misilsiz mədəniyyət abidələri məhv edilmiş, ermənilər tərəfindən qədim Azərbaycan torpaqları, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 ekoloji) 282 ölkə əhəmiyyətli (119 memarlıq, 173 ekoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental, xatirə abidələri), 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri erməni vandalizminə məruz qalmış, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.

Bütün 30 il ərzində ermənilər öz işğalçı siyasətlərini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, mütəmadi cəbhə boyu dinc əhalini atəş altında saxlamış, yalan riyakarlıq dolu ikiüzlü siyasətlə beynəlxalq aləmə özlərini məzlum bir xalq kimi tanıtmağa çalışmışdır. Halbuki hərbi təcavüzlər nəticəsində erməni silahlı qüvvələri tərəfindən hərbi və mülki şəxs arasında heç bir fərq qoyulmadan etnik təmizləmə və soyqırım nəticəsində təkcə Azərbaycan deyil, insanlığın tarixinə Meşəli Malıbəyli, Başlıbel, Quşçular, Qaradağlı, Xocalı, Ağdaban, Bağanıs Ayrım kimi kütləvi və amansız şəkildə dinc əhalinin divanı yazılmışdır. 1 milyondan artıq qaçqın, 20000 nəfərdən çox azərbaycanlı öldürülmüşdür. 50000 nəfərdən çox əlil, 3890 nəfər itkin, 872 nəfər əsir və ya girov götürülmüşdür. Dünya isə bütün bunlara göz yummaqla yanaşı ermənilərə havadarlıq edir, onları silahlandırır, müharibəni təhrik edərək “ikili standartlar” siyasəti həyata keçirir, münaqişənin nizamlanması üçün yaradılmış ATƏM (İndiki ATƏT) Minsk Qrupu fəaliyyətsizlik nümayiş etdirərək münaqişənin həllinə yox, dondurulmasına xidmət edir, danışqlar nəticəsizliklə bitir, işğalçıya və işğala məruz qalmış tərəfə fərq qoymadan beynalxalq qətnamələr kağız üzərində əhəmyyətsiz qalır. BMT və digər böyük təşkilatlar işğalçı Ermənistana təzyıq göstərməkdə acizlik nümayiş etdirir, sülhə çağıran bəyanatlarla kifayətlənir, bu bəyanatların icra olunmaması ermənilərin daha da vəhşiləşməsinə rəvac verir. 

1993-cü ildə isə ölkədə baş verən siyasi hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması, ölkənin məhv olmaq təhlükəsi ilə üz-üzə qalması ermənilərin hərbi təcavüzlərinin gücləndirilməsinə daha da şərait yaradır. Belə bir ağır vəziyyətdə xalqın qurtuluşu dahi siyasətçi, müdrik dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin ölkənin və xalqın imdadına çatması, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı təkcə ölkənin, xalqın, millətin deyil, ümumilikdə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili-xarici siyasət aparmaq, ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşması, iqtisadiyyatın bərpası, köklü idarəçilik islahatlarının hayata keçirilməsi, ölkənin yaxın onilliklər ərzində inkişafını təmin edəcək starteji neft islahatının aparılması və millətin bir amal-azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə vəsilə oldu. 

Elə ilk olaraq münaqişəyə siyasi-hüquqi qiymət də məhz Heydər Əliyev tərəfindən verildi. 1994-cü il mayın 12-də Atəşkəs razılığı əldə edilməsinə nail oldu. 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart tarixi Azərbaycanın Soyqırımı Günü elan edilmişdir. Uğurlu daxili-xarici diplomatiya sayəsində tezliklə ilk qələbə Horadiz əməliyyatı ilə Füzuli rayonu Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndləri qaytarıldı, Füzuli rayonunun şimalına doğru hərəkətə keçildi. 

Artıq Azərbaycan Ordusu nəyə qadir olduğunu sübut etmişdi, Heydər Əliyevin siyasəti, rəhbərliyi özünü göstərməyə başlayırdı. Bu onu göstərir ki, azərbaycanlılar işğalla heç zaman barışmayacaq. Ulu Öndərin 1993-2003-cü illər ərzində apardığı beynəlxalq siyasət artıq dünyanın bu münaqişəyə münasibətini dəyişdirmişdir. Lakin erməni təxribatları dayanmırdı. 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri erməniləri Azərbaycan Ordusunun gücünü, qüvvətini bir daha nümayiş etdirdi. Artıq ölkədə yeni əsrin yeni lideri İlham Əliyevin rəhbərliyi ilə daha güclü müasir silah sursatla təmin edilmiş nizami ordu yeni qələbələr üçün Ali Baş Komandanın əmrinə müntəzir idi. Belə bir gün 2020-ci il 27 sentyabr tarixində Azərbaycan xalqının səbr kasasına son qoymuş hərbi təxribat zamanı baş verdi. Ermənistan Silahlı qüvvələri təkcə cəbhəboyu Azərbaycan Silahlı qüvvələrinin mövqelərini deyil, həm də dinc yaşayış məntəqələrini – Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə, Gəncə, Cəbrayıl, Goranboy, Naftalan rayonlarını artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu və cənab Ali Baş Komandan dərhal bütün cəbhəboyu əks- hücüma keçmək əmri verdi. Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərindən baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad edərək 30 illik niskilə son qoydu. Azərbaycanın Mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra noyabırın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. 44 günlük müharibədə 2908 Azərbaycan hərbiçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Azərbaycan müharibəni hərbi siyasi yolla həll etdi. Sentyabrın 27-də başlanan əks hücum əməliyyatı nəticəsində 9 noyabıradək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və 99 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, Mincivcan, Ağbənd, Bartaz qəsəbələrini və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strareji yüksəklik, Zəngilanda Bartaz Siğırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad edildi. Vətən müharibəsindən sonraki 20 gün ərzində 3 rayon – noyabırın 20-də Ağdam, noyabrn 25-də Kəlbəcər, dekabrın 1-də Laçın Azərbaycana təhvil verildi. 

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndi nəzarətə götürüldü. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla həyata keçirdi və bu gün uğurla davam etdirir. Milli həmrəyliyimizin təcəssümü olan bu tarixi qələbə aparılan uğurlu siyasətin bəhrəsi olan güclü Azərbaycan Ordusunun suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın əzm, iradə və bir yumruq kimi birlik həmrəylik nümayiş etdirməsinin nəticəsi idi. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin şahidi olur, beynəlxalq ictimaiyyət isə ermənilərin bu vəhşiliyinə susur və göz yumur. Dağıdılmış şəhərlərimizi, yerlə-yeksan edilmiş yaşayış məskənlərimizə, tarixi abidələrimizə, ermənilər tərəfindən dağıdılmış, ya da yararsız hala salınıb, bütün dünya müsəlmanlarını təhqir etmək üçün içərisində inək, donuz saxlanılan 67-dən 63-ü tamamilə dağıdılan 4-ü isə yarasız hala salınan məscidlərimizə deməyə nə söz tapır, nə də cəsarət.

Amma qardaş Türkiyə və türk xalqları müharibənin ilk saatlarından yanımızda oldu, bizimlə həmrəy oldu, bizə öz dəstəyini göstərdilər. Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilən hərbi təlimlər ordumuza təcrübə, taktik manevr etmə səriştəsi ilə birgə, həm də düşmənə göz dağı verdi. Milli həmrəylik, peşəkar rəhbərlik, effektiv hərbi strategiya, bir sözlə, İkinci Qarabağ müharibəsində istifadə edilən döyüş taktikası dünya hərb tarixində bir yenilik oldu, müvafiq ali məktəblərin dərsliklərinə salındı. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın milli müharibə kollecinin (National War Collage) və Seton Hall Universitetinin diplomatiya və beynəlxalq münasibətlər məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsinin, sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Xalqımız mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümü olan orden “Zəfər”, “Qarabağ”, həmçinin, 15 yeni – “Vətən müharibəsi qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz ən müasir protezlərlə təmin edildilər. 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edildi. Müharibə əlillərinə 7 mindən artıq minik avtomobili verildi.

Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq üçün 78 milyondan artıq vəsait toplanaraq müvafiq istiqamətlər üzrə xərclənmiş və indiyədək öhdəliyinə 15000 minə yaxın hərbiçi götürmüş olan Yaşat Fondu yaradıldı. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin inşası nəzərdə tutulub

Amma milli birliyin və Vətən uğrunda savaşın rəmzi – “Dəmir yumruğ”un gücü tükənməzdir. Bu dəmir yumruq milli iradə, milli ruh, milli ləyaqətin təntənisidir və öz lideri ətrafında sıx birləşən xalqın birlik və həmrəyliyindən güc alır. Azərbaycan tarixinə qələbə səhifəsi yazmış liderə xalqın etibarı və ehtiramı sonsuzdur. O, hərbi sahədə, diplomatik sahədə, informasiya sahəsində misilsiz rəşadət göstərmiş əsl hünər sahibidir. Ermənilərin 30 il ərzində dünyada yaydıqları yalan informasiyaları verdiyi 30-a yaxın müsahibəsində faktlarla, reallıqlarla ifşa etmiş, beynəlxalq hüququn norma və prinsplərini müdafiə edərək ədaləti bərpa etmişdir. Mülki əhaliyə dəymədən düşməndən intiqamımızı almışıq bütün təzyiqlərə, təhditlərə baxmayaraq qələbə qazandıq, tarixi ədaləti bərpa etdik. Ermənistanın regional sülhə və sabitliyə təhdid olan ciddi təhlükə mənbəyi olan təxribatlarına da son qoyduq. 

Lakin müharibə bitsə də erməni təxribatı bitmir. Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina bərpa işlərinə mane olur. Mülki əhalinin həyatı üçün təhdit törədir. 2020-ci il noyabırın 10-dan başlayaraq Qarabağ Şərqi Zənguzurda 314 azərbaycanlı mina partlayışının qurbanı olub, onlardan 61 nəfər həlak olub, 253 nəfər xəsarət alıb. Onlardan 149 nəfər mülki şəxs, 165 nəfər hərbi qulluqçudur.

Sentyabrn 19-da Ermənistanın kəşfiyyat diversiya qruplarının Qarabağ bölgəsindəki terror məqsədilə mina partlatmaları nəticəsində həlak olmuş hərbi qulluqçularımızın qisasını aldıq. 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatları ilə düşmənə bir daha dəmir yumruğun gücünü anlatdıq. Bu, bizim növbəti qələbəmizin təntənəsi idi.

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Azərbaycan Ordusu!

Var olsun Ali Baş Komandan İlham Əliyev!

Ceyhunə HÜSEYNOVA, 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş