“Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda tədbir keçirilib
İyunun 14-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda tədbir keçirilib.
Tədbir 1993-cü ilin iyun hadisələrini tarixi faktlarla, real kadrlarla özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək Milli Qurtuluş Gününün dövlətçiliyimiz üçün əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O, qeyd edib ki, 1993-cü ilin iyun hadisələri tarixin reallığı və Azərbaycanın tarixində dönüş nöqtəsi kimi xarakterizə edilir. Belə bir dövrün tarixi şəxsiyyəti Heydər Əliyev, Heydər Əliyevin böyük mübarizə yolu isə Azərbaycanımızın epopeyasıdır. Xaqımızın tarixində böyük əhəmiyyət daşıyan 15 iyun əsl qurtuluş tarixidir. Xalqımızı nicata aparan yol məhz həmin gündən başladı. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin böyük siyasi təcrübəsi ilə dövlətçiliyimizin qorunması üçün həyata keçirdiyi qətiyyətli tədbirlərlə ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi, bununla da xalqın böyük oğlu Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi qızıl hərflərlə yazıldı.
“Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov çıxış edərək XX əsrin 90-cı illərindəki siyasi-ictimai vəziyyətin gərginliyindən danışıb. Bildirib ki, AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən başlayaraq yol verdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğınına, vətən müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət əmlakının talan ediləmsi xalqı acınacaqlı duruma salmış, suverenliyimizə təhdid yaranmış, qonşu dövlətlərlə münasibətlər tamamilə korlanmışdı. Belə bir ağır şəraitdə Heydər Əliyevin qayıdışı xalqımızın və dövlətimizin qurtuluşu oldu. Xalqın böyük oğlu, əsl Vətənini, millətini sevən dahi rəhbər xilaskarlıq missiyasını öz çiyinlərinə götürdü və şərəflə, sədaqətlə bu missiyanın öhdəsindən gəldi.
Tədbirdə çıxış edən “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Günel Bəxtiyarlı həmin illərdə AXC-Müsavat cütlüyünün bacarıqsızlığı, yanlış qəraraları, naşı idarəçiliyi səbəbindən ölkənin düşdüyü ağır vəziyyətdən danışıb. Qeyd edib ki, xaos və özbaşınalıq mühitinin hökm sürdüyü bir vaxtda xalqın nicat yolu ancaq Heydər Əliyev idi. Belə çıxılmaz vəziyyətdə dövlətimizin öz müstəqilliyini qoruyub saxlaması üçün Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna ciddi ehtiyac var idi və bu tarixi tələbata çevrilmişdi. Ona görə də xalqın təkidli tələbi ilə dahi insan Naxçıvandan Bakıya dəvət edildi və böyük siyasi xadim xalqını darda qoymadı. Xalqın imdadına yetdi və xalqını düşdüyü bu ağır durumdan çıxardı.
Mərkəzin gənc əməkdaşı Ofeliya Salmanova Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazılmış Qurtuluş Gününün Azərbaycan üçün ən şanlı, ən qürurlu bayramlardan olduğunu vurğulayıb. Qeyd edib ki, 1997-ci ildən rəsmi olaraq dövlət bayramı kimi qeyd olunan bu tarix müasir müstəqilliyimizin keşməkeşli yollarında ən parlaq izlər buraxıb. Məhz bu parlaq tarixdən sonra Ulu Öndərin rəhbərliyi ilə ölkədə aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, əminamanlıq, sabitlik xalqımızın sabaha olan ümidini artırdı, onu müdrik və cəsarətli rəhbərin ətrafında yumruq kimi birləşməyə sövq etdi. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı və davamlı rifaha nail olub, ölkəmiz dünya birliyində etibarlı tərəfdaş kimi qəbul edilib və bundan sonra da dövlət və xalq həmrəyliyi ilə daha yeni uğurlara və nailiyyətlərə imza atacaq.
Facebook-da paylaş