• Təqvim

  • Maraq



Qazaxda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nura çevrilən ömür” başlıqlı tədbir keçirilib


Aprelin 14-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nura çevrilən ömür” başlıqlı tədbir keçirilib. 

Tədbirdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin oftalmoloq həkimləri Rahilə Əhmədova və Məlahət Mustafayeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon Gənclər və İdman İdarəsinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər. 


İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın görkəmli oftalmoloqu, peşəkar həkim Zərifə xanım Əliyevanın və torpaqlarımızın  ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik Zərifə xanım Əliyevanın həyatına və ictimai fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib. 

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq xeyirxahlığı və humanistliyi ilə insanların qəlbində əbədi işıq olan Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, tibb sahəsində əvəzsiz xidmətlərindən danışıb. C.Hüseynova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd olunur. Hər insan ömrü yer üzündə bir məqsədə sərf olunur. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın həyatı bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim kimi elə sağlığında əfsanəyə çevrilib və daşıdığı bu titulları  mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. 


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Zərifə xanım Əliyevanın tibb elminin inkişafına öz tədqiqatları ilə böyük töhfələr verməsindən danışıb. V.Nəbiyev qeyd edib ki, onun nümunəvi həyat yolu və peşəkar fəaliyyəti bu gün bütün gəclər üçün örnək olmalıdır. Zərifə xanım təkcə görkəmli həkim, elmi tədqiqatlar aparan alim deyildi, eyni zamanda, gözəl ana, qayğıkeş həyat yoldaşı idi. O, Vətənə, xalqına layiq əsl vətəndaşlar yetirib, Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə çalışaraq Azərbaycanın quruculuğu yolunda öz imzasını atıb.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in oftalmoloq həkimi Rahilə Əhmədova Zərifə xanım Əliyevanın səhiyyə sahəsinə, tibb elminə verdiyi elmi tədqiqatların əhəmiyyətindən danışıb. Bildirib ki, ona əbədiyaşarlıq qazandıran təkcə gördüyü işlər deyil, həm də nəcib, xeyirxah niyyəti, əsl yüksək insani keyfiyyətləri, ideal qadın obrazı, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olması idi. Bütün mənalı ömrünü Vətəninə və xalqına, eyni zamanda Vətənin və xalqın xilaskarı Heydər Əliyevə həsr etmiş bu fədakar insanın xatirəsi bizim üçün hər zaman əziz olacaq.


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi, Humanitar fənlər üzrə Fənn- Birləşmə sədri Mətanət Kazımova dünya tibb elminə öz töhfəsini vermiş, novator oftalmoloq alim Zərifə xanım haqqında öz ürək sözlərini bildirib. Qeyd edib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadınına məxsus xüsusiyyətləri özündə birləşdirən  zərif xanım və oftalmologiya elminin əsasını qoyan, dünyada Azərbaycan xanımının adına qürur gətirən görkəmli alim olub. Bütün ömrünü ailəsinə və sevdiyi peşəsinə həsr edən Zərifə xanımın xatirəsi qəlblərimizdə daim yaşayacaq.


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Aybəniz Məmmədova insanlara nur bəxş edən, ömrü boyu bu nurun keşiyində dayanan görkəmli oftalmoloq və qayğıkeş xanım haqqında səmimi fikirlərini bildirib. Qeyd edib ki, baharda dünyaya göz açan Zərifə xanımın nura çevrilən ömrü biz gənclər üçün həmişə bir örnək nümunəsi olacaqdır. Öz nəcibliyi, xeyirxahlığı və tibb elminə verdiyi əvvəzsiz xidmətləri ilə hələ sağlığında özünə əbədiyaşarlıq qazanan Zərifə xanım əsl Azərbaycan xanımının adına ucaldılmış əbədi abidədir.



Facebook-da paylaş