Qazax Rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” başlıqlı tədbir keçirilib
Fevralın 23-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” başlıqlı tədbir keçirilib.
Tədbirdə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru, müəllimlər, şagirdlər və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin xalqımızın yaddaşında qanla yazılmış bir faciə olduğunu qeyd edib. Bildirib ki, tarix heç nəyi unutmur. 613 nəfərin şəhid, neçə-neçə insanın şikəst, əsir olduğu, 8 ailənin bütövlükdə məhv edildiyi bu faciə ermənilərin anti- Azərbaycan siyasətinin məntiqi nəticəsidir. Bu faciə nəinki Azərbaycan, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir vəhşilikdir. Xocalı faciəsinin dünyada tanıdılması, faciəyə doğru siyasi-hüquqi qiymətin verilməsi hər zaman dövlətimizin ideoloji siyasətinin əsasında olmuş, bu istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirilmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bu gün də dövlətimizin başçısı tərəfindən ən yüksək beynəlxalq tribunalarda Xocalı faciəsi real faktlarla dünya ictimaiyyətinə çatdırılır, Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın təşəbbüsü ilə ardıcıl və səmərəli iş həyata keçirilir.
Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Əyyubova çıxış edərək bildirib ki, əslində bu faciə ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətinin tərkib hissəsi idi. Tarixən Azərbaycan ərazisində 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə ermənilər məqsədyönlü şəkildə etnik zəmində təxribatlar törədib və nəticədə milyonlarla soydaşımız öz dədə-baba torpaqlarından zorla didərgin salınıb, qarətə, qətliama məruz qalıblar. Tarixi abidələrimiz, qədim mədəniyyət nümunələrimiz məhv edilib, strateji önəm daşıyan ərazilərimiz xarabazara çevrilib. Türbələr, günbəzlər, məzarlar, vandalizm siyasətinə uğrayıb. Bir sözlə, xalqımıza məxsus bütün izlər silinib.
Sonda şagirdlərdən Ayan Məmmədova, Gülnar Carçıyeva, Zəhra Yusifova, Nadidan Allahverdiyeva, Zəhra Əsgərli, Aysel Əlivəliyeva Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Facebook-da paylaş