• Təqvim

  • Maraq



“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil edilib


“Heydər Əliyev İli” çərçivəsində yanvarın 17-də “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 


“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən qoruq il ərzində müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırır. Bugünkü dəyirmi masa da həmin tədbirlərdən biridir. S.Əliyeva çıxışı zamanı 20 Yanvar hadisələrinə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən siyasi qiymətdən söz açaraq qeyd edib ki, həmin günlər xalqının səsinə hər kəsdən əvvəl səs verən Ümummilli Lider hadisələrdən dərhal sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, təcavüzə kəskin etirazını bildirib. Ulu Öndər Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Belə ki, Respublika Prezidentinin Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda nəhayət ki, 1990-cı il 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.


Tədbirdə iştirak edən qoruq əməkdaşları çıxış edərək bildiriblər ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin  gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq şəhidlərimiz unudulmur. Respublikanın bütün şəhər və rayonlarında hər il bu tarixdə minlərlə insan Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.

GOYEZEN.AZ



Facebook-da paylaş